Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il başlanan layihəni davam etdirir. Bu günlərdə teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətləri nümayəndələrinin görüşü keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, "Baku Travel Tourism”, "ALDE Tour”, "Aristokrat Travel”, "E&C Travel", “Zdtravel”, “Zenit Tour”, “İntravel” və digər turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqları salamlayaraq belə işgüzar münasibətlərin mədəni turizmin inkişafına daha böyük töhfələr verəcəyinə ümidvar olduğunu bildirib: “Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrı da əlavə edəsiniz. Əminəm ki, Musiqili Teatr öz maraqlı tamaşaları, sənət ocağı kimi tarixi, müasir üslubda yenidən qurulan binası ilə də turistlərin diqqətini cəlb edəcək".
Mədəniyyət və Turizm Nazirliyinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın genişlənməsi üçün belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb və turizm sektorunun nümayəndələrinə tövsiyələr verib.
Sonda qonaqlar görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin "Qafqazlı qardaşqızı” ikihissəli operettasını izləyiblər. Onlar Əməkdar incəsənət xadimi, rejissor Əli Usubovun quruluşunda teatrın rus bölməsinin hazırladığı tamaşa haqqında xoş təəssüratlarını dilə gətiriblər və gələcəkdə teatrın xarici turistlərə tanıtımı baxımından addımlar atacaqlarını bildiriblər.