Abu-Dabi Luvr məşhur eksponatları avtomagistralda nümayiş etdirir
   
   Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) avtomobil magistralının tarixində ilk dəfə olaraq Abu-Dabi Luvr muzeyinin təşəbbüsü ilə əsl bədii ekspozisiya açılıb. 
   “BƏƏ-nin innovativ ayı”nı qeyd etmək məqsədilə muzey qeyri-adi layihəyə - radio ilə idarə edilən qalereyaya start verib. Dubay - Abu-Dabi trası boyunca 8x6 metr ölçüsündə bilbordlarda yerləşmiş vizual hissəyə Abu-Dabi Luvr muzeyindən onlarca məşhur eksponat daxildir.
   Bir neçə yerli radiostansiya ilə tərəfdaşlıq sayəsində sürücülər yanından keçdikləri hər eksponat haqqında 30 saniyəlik audioçarxa avtomatik qulaq asacaqlar. Qalereya bu qəbildən ilk və yeganə audiovizual eksperimentdir.
   Ölkənin mədəniyyət və biliyin inkişafı naziri, “Abu Dhabi Media”nın sədri Nura Al Kaabi deyib: “Bu təşəbbüs Abu-Dabini mədəniyyətin inkişafı üçün innovativ texnologiyaların fəal istifadəçilərindən birinə çevirir. Yaxın yeddi ildə BƏƏ dünyanın ən innovasiyalı ölkələri arasında aparıcı mövqe tutmağa çalışacaq”.
   Abu-Dabi mədəniyyət və turizm departamentinin sədri Məhəmməd Xəlifə Al-Mübarək bildirib ki, yol kənarında innovativ muzeyin yaradılması incəsənəti daha geniş kütlələr üçün əlçatan edir. 
   “Seih Shuaib”dan “Rahba City”dək 100 kilometrlik yol boyunca yerləşən ekspozisiya bir ay nümayiş olunacaq. Sərgiyə Leonardo da Vinçi, Vinsent van Qoq, Eduard Mane və başqa rəssamların əsərləri daxil edilib.
   Xatırladaq ki, 2017-ci ilin noyabrında açılmış Abu-Dabi Luvr məşhur memar Jan Nuvel tərəfindən layihələndirilib. Burada qiymətli sənət əsərləri kolleksiyası (600-dən çox eksponat) təqdim edilir. Onlardan 300-ü Fransanın məşhur 13 muzeyindən götürülüb.