Rəsmi şəhər kartı turistlərə və yerli sakinlərə əlverişli imkanlar yaradacaq
   
   “Bakı kart” paytaxtımızı tanıdacaq və ölkəmizə səfər edən turistlərin marağına səbəb olacaq yeni bir məhsuldur. Yeni istifadəyə veriləcək “Bakı kart”lar turistlərin şəhərimizin mədəniyyət və turizm imkanlarından istifadəsini daha da asanlaşdıracaq”.
   Bu sözləri fevralın 28-də “JW Marriott Absheron” hotelində Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev dedi.
   Tədbir çərçivəsində Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi (BNA) və “PASHA Travel” şirkəti arasında Bakının rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalandı.
   Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək qurumun turizm sənayesinin inkişafı istiqamətində bir sıra layihələr icra etdiyini diqqətə çatdırdı. Bildirdi ki, yeni layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq həyata keçirilir: “Layihənin əhəmiyyətli tərəfi odur ki, turizm sənayesinin bütün üzvləri bu prosesdə yaxından iştirak edəcəklər. Bu sahədə görüləcək işlər çoxdur. Onlardan ən mühümü turistlərlə bağlı statistik məlumatların əldə olunmasıdır. Düşünürük ki, layihə turizm sektorunun inkişafına öz töhfəsini verəcək. Bu kart vasitəsilə turistlərin hansı obyektləri ziyarət etdiyini öyrənəcəyik və hansısa çatışmazlıq olarsa, aradan qaldıracağıq”. 
   Qeyd olundu ki, “Bakı kart”lardan turistlərlə yanaşı, yerli əhali də yararlana biləcək. “Bakı kart” sahiblərinə eyni zamanda endirimlər və xüsusi təkliflər əldə edə biləcəkləri mağaza və restoranların siyahısı olan broşürlər də veriləcək.
   Fuad Nağıyev onu da qeyd etdi ki, Milli Turizm Təbliğat Bürosu özəl müəssisələrin “Bakı kart” layihəsinə qoşulması üçün danışıqlar aparır. Yeni kartdan bir çox obyektlərdə istifadə olunması və kartın cəlbediciliyinin artırılması istiqamətində işlər görülür.
   Bakı Nəqliyyat Agentliyi (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov təmsil etdiyi qurumun bu layihəni dəstəklədiyini dedi: “Yarandığı gündən Bakı Nəqliyyat Agentliyi Prezident İlham Əliyevin tapşırıqlarını həyata keçirir, infrastruktur sahəsində islahatlar aparır. Hazırda Bakıda 20-dən çox marşrut xətti üzrə 540 avtobusda “Bakı kart” vasitəsilə nağdsız ödəniş həyata keçirilir. Yeni kartlar da ölkəyə gələn turistlərin Heydər Əliyev Beynəlxalq Hava Limanı - metronun “28 May” stansiyası istiqamətində fəaliyyət göstərən ekspress avtobuslardan istifadə etməsinə imkan yaradacaq”. 
   “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Florian Senqsşmit bildirdi ki, növbəti bir neçə ay ərzində yeni “Bakı kart”lar satışa çıxarılacaq: “Bu kart bir çox üstünlüklər təqdim edir. Kart o səbəbdən yaradılır ki, turistlər ictimai nəqliyyatdan rahat istifadə edə bilsin, eləcə də muzeylərə girişdə, mağazalarda endirim qazansınlar. Biz bu layihə ilə həm də yerli əhali üçün dəyər yaratmağa çalışmışıq ki, onlar da endirimlərdən yararlana bilsinlər. Kartın maliyyələşməsini “PASHA Travel” həyata keçirir”.
   Çıxışlardan sonra Fuad Nağıyev, Mübariz Abbasov və Florian Senqsşmit Bakının rəsmi şəhər kartını yaratmaq barədə memorandumu imzaladılar.
   Qeyd edək ki, yeni “Bakı kart” sahibləri ictimai nəqliyyatdan pulsuz, şəhər muzeyləri, tarixi abidələr və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edə biləcəklər. Bundan əlavə, “Bakı kart” sahibləri mağazalar, kafelər, restoranlarda endirimlər və xüsusi təkliflər əldə etmək imkanı qazanacaqlar. 24 saatlıq “Bakı kart”ın qiyməti 35 manat, 72 saatlıq kart 60 manat və 1 həftəlik isə 90 manat olacaq.
   
   Fariz Hüseynov