Azərbaycan Xalça Muzeyində xalqımızın qədim milli bayramı olan Novruz münasibətilə xüsusi proqramlar hazırlanıb.
Muzeydən bildirilib ki, proqram Novruz bayramının və baharın müjdəçisi olan dörd çərşənbə (Su, Od, Hava, Torpaq) günlərində ziyarətçilər üçün xüsusi tədbirləri əhatə edir. Buraya öyrədici və əyləncəli tədbirlər, ustad dərsləri və müxtəlif maraqlı təlimlər daxildir. Eyni zamanda paytaxt məktəblərinin şagirdləri rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirəcəklər. Uşaqlara Novruz bayramından öncə xalqımızın qeyd etdiyi çərşənbələrin özəlliyi, ifadə etdiyi mənalarla bağlı maraqlı məlumatlar veriləcək.
Bununla yanaşı, muzeydə 8 mart - Beynəlxalq qadınlar günü münasibətilə ayın 3-də və 4-də Uşaq muzeyi şöbəsi tərəfindən xüsusi proqram təşkil ediləcək. Xanımlara hədiyyə hazırlamaq üzrə ustad dərsləri keçiriləcək, iştirakçılara müxtəlif suvenirlərin hazırlanması öyrədiləcək.
Yeri gəlmişkən...
Xalça Muzeyi UNESCO yanında fəaliyyət göstərən Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Komitə Azərbaycan Xalça Muzeyinin təcrübəsini dünya muzeylərinə bir nümunə kimi təqdim edir.
1950-ci ildə Beynəlxalq Muzeylər Şurasının nəzdində yaradılan CIDOC muzey işinin sənədləşmə prosesində yaxşı təcrübə və bu sahədə inkişaf barədə məsləhətlər verir.