Ölkəmizin Malayziyadakı səfirliyində Azərbaycan Turizm Assosiasiyasının Asiya üzrə nümayəndəsi, turizm eksperti Nərgiz Səfərovanın Malayziyada Federal ərazilər günü münasibətilə “Datuk” fəxri adına və xüsusi mükafata layiq görülməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbiri açan səfir Qaley Allahverdiyev həmvətənimizin iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə “Panglima Mahkota Wilayah (PMW)” mükafatı ilə təltif olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, N.Səfərova bu mükafata layiq görülən xarici ölkə vətəndaşları arasında ilk qadındır. Diplomat qeyd edib ki, azərbaycanlı turizm eksperti 2017-ci ilin noyabrından etibarən iki il müddətinə Malayziyanın MDB ölkələrində turizm üzrə səfiri təyin olunub. Bildirilib ki, N.Səfərova bu mükafatla Malayziyanın ali rəhbəri Sultan V Məhəmməd tərəfindən təltif edilib.
Bu il Azərbaycan ilə Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirən səfir ölkələrimizin bir çox sahələrdə əməkdaşlıq etdiyini, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyib.
Daha sonra çıxış edən N.Səfərova turizm sahəsində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Tədbirdə Azərbaycanın tarixi və mədəni irsi, təbiəti və turizm potensialı barədə videomateriallar nümayiş etdirilib. Qonaqlara milli mətbəximizin təamları təqdim edilib, müvafiq nəşrlər və suvenirlər hədiyyə olunub.