Azərbaycan
2 mart 1945 - Tərcüməçi, nasir, filologiya elmləri doktoru Zeydulla Abdulla oğlu Ağayev (1945 - 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
2 mart 1992 - Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında təşkilata üzv qəbul olunub.
3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 - 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi, N.Xəzri və başqa ədiblərin əsərlərini fars dilinə tərcümə edib.
3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.
3 mart 1937 - Yazıçı Fərman İsmayıl oğlu Kərimzadə (1937-1989) Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir.
5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
5 mart 1947 - Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı (1947 - 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.
5 mart 1957 - Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub. Teatrda, televiziya tamaşalarında, filmlərdə maraqlı rollar oynayıb, filmlərin dublyajında iştirak edib.
5 mart 1936 - Ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair tədqiqatların müəllifidir.
Dünya
2 mart 1824 - Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç; 1859-1916) anadan olub.
3 mart 1879 - Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams (1919-2017) anadan olub. Qara Qarayev 1958-ci ildə yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.
4 mart 1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) adlı əsəri ilə şöhrət qazanıb.
4 mart 1925 - Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.
5 mart 1922 - İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazolini (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə tanınıb.
Hazırladı: Vüqar Orxan