Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 6-da Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının üzvü Nuran Kərimov, icraçı direktor, direktorlar şurasının katibi Natəvan Məmmədova və digər üzvlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.
   Görüşdə nazir hava nəqliyyatının inkişafından, turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı dövlət tərəfindən görülən işlərdən, “ASAN Viza” sisteminin tətbiq olunmasının turizmin inkişafına təsirindən danışıb. Bildirib ki, sadələşdirilmiş viza rejimi ölkəmizə gələn turistlərin sayının artmasında böyük rol oynayır.
   Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının yaradılmasının həmin bölgələrdə turizmin inkişaf etdirilməsi üçün zəmin yaradacağını qeyd ediblər və palataya üzv şirkətlərin bu ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.
   Sonra mədəniyyət və turizm sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsi haqqında müzakirələr aparılıb.