Yunanıstanda isə Lüsern Dünya Turizm Forumunun “Beyin mərkəzi” toplanıb
Martın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində “İTB Berlin 2018” beynəlxalq turizm sərgisi işə başlayır. Martın 11-dək davam edəcək tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Dünyanın ən böyük turizm sərgilərindən hesab olunan “İTB Berlin”in pavilyon və stendləri “Messe Berlin” kompleksində 160 min kvadratmetr sahədə nümayiş olunur. Ölkəmiz bu sərgidə 2004-cü ildən təmsil olunur. Bu il “İTB Berlin”ə 180-dək ölkə qatılıb.
Berlindəki sərgi öncəsi turizm dünyasının diqqətini çəkən daha bir tədbir Yunanıstanda keçirilib. 2-3 mart tarixində burada Lüsern Dünya Turizm Forumunun “Beyin mərkəzi”nin (Think Tank) növbəti toplantısı olub. Toplantıda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib.
Səyahət, turizm və qonaqpərvərlik sənayesinin "Davos Forumu" sayılan Lüsern Dünya Turizm Forumunun toplantısına Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının keçmiş baş katibi Taleb Rifai, Yunanıstanın turizm naziri Yelena Kontura, bir sıra digər ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlər qatılıblar.
Toplantı zamanı nazir müavini Nazim Səmədov çıxış edib, həmçinin bir sıra görüşlərdə iştirak edib. Toplantının əsas mövzusu davamlı turizmin inkişafı naminə dövlət-özəl sektor əməkdaşlığı olub.