Turizm xidməti infrastrukturunun və turizm növlərinin davamlı inkişafı, turizm ehtiyatlarının səmərəli istifadə olunması, mövsümiliyin azalması, bölgədə turizm günlərinin sayının artırılması, yerli səviyyədə effektiv idarəetmənin təşkili istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq Nazirlər Kabineti 2016-cı ildə “Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında” qərar qəbul edib. Qərara əsasən, Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılıb.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2017-2018-ci illər üzrə Fəaliyyət planı” hazırlanıb və Nazirlər Kabinetinin 4 may 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunub. Fəaliyyət planına uyğun olaraq yerli icra hakimiyyəti, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri və özəl sektorun təmsilçiliyi ilə turizm və rekreasiya zonalarının idarəetmə şuraları yaradılıb.
Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq investisiya təşviqi mexanizmi yaradılıb. İnvestisiya təşviqi sənədi 7 il müddətinə gəlir və mənfəət vergisindən 50 faiz, əmlak və torpaq vergisindən, müvafiq avadanlıqların idxalının gömrük rüsumlarından və ƏDV-dən azad olunmasına imkan verir. Bu isə turizm infrastrukturunun qurulmasında sahibkarlara əlavə stimul yaradır.
Quba, Qusar və Xızı-Xaçmaz turizm və rekreasiya zonalarının Baş inkişaf planının hazırlanması məqsədilə keçirilmiş müsabiqədə qalib olmuş şirkətlərlə müqavilə imzalanıb. Baş inkişaf planlarında zonaların inkişaf strategiyaları, infrastrukturun qurulması, investisiyaların cəlb olunması, turizm klasterlərinin yaradılması ilə bağlı məsələlər yer alacaq. Sonrakı mərhələdə inkişaf planlarının icrası üçün illik planlar tərtib olunacaq.
Fariz