Vyana şəhərində Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq komissiyanın 9-cu iclası keçirilib.
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Avstriyanın iqtisadiyyat və rəqəmsallaşdırma üzrə federal nazirinin müavini Matias Çirfin iştirak etdiyi iclasda ikitərəfli iqtisadi əlaqələr, qarşılıqlı olaraq investisiyaların cəlb olunması, müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu ilin may ayında Bakıda iki ölkənin özəl sektor nümayəndələrinin iştirakı ilə biznes-forumun təşkil olunması qərara alınıb.
Həmçinin, iclas çərçivəsində Bakı şəhərinin Dünya Sərgisinə (EXPO 2025) ev sahibliyi üçün namizədliyi ilə bağlı təqdimat keçirilib.
Sonda imzalanan protokolda iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər əksini tapıb. Sənədə əsasən, iki ölkə arasında əlaqələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsipləri əsasında qurulması, fiziki və hüquqi şəxslərin bu norma və prinsiplərə əsaslanmaqla fəaliyyət göstərməsi təmin ediləcək.
Azərbaycan tərəfinin xahişi ilə Avstriya turizm şirkətlərinin işğal edilmiş ərazilərə qeyri-qanuni səfərlər təşkil etməsinin qarşısının alınması məsələsi də protokolla təsbit edilib.