Martın 2-də Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcıları - AZAL və “Etihad Airways” arasında əldə olunan razılaşmaya əsasən Bakı ilə Abu-Dabi arasında birbaşa aviareys açılıb. Uçuşlar hər həftə - çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.
   İlk reyslə Heydər Əliyev Beynəlxalq Aeroportuna enən təyyarə ənənəvi "su arkası" ilə qarşılanıb, pilot kabinəsindən Azərbaycan və BƏƏ-nin bayraqları dalğalandırılıb.
   AZAL QSC-nin prezidenti Cahangir Əsgərov və aviareyslə Bakıya gələn “Etihad Airways” aviaşirkətinin baş icraçı direktoru Piter Baumqartnerin görüşü keçirilib. Görüşdə bildirilib ki, AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində köhnə tərəfdaşlardır. Birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək, əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq.