Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanda özbək ədəbiyyatının tədqiqatçılarını iki xalq arasında dostluq münasibətlərinin, mədəni-ədəbi əlaqələrin möhkəmlənməsi sahəsində mühüm xidmətlərinə görə fəxri diplomlarla təltif edib.
   Cəmiyyətin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripovun imzası ilə təqdim olunan diplomlara Bakı Dövlət Universitetinin professoru, tərcüməçi Ramiz Əskər, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, institutun əməkdaşları Yaşar Qasımov, Akif Bağırov, İsmixan Osmanlı, eləcə də filologiya elmləri doktoru, professor Elman Quliyev, Bakı Avrasiya Universitetinin dosenti Elmira Məmmədova, filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimova, dosent, ədəbiyyatşünas Səadət Şıxıyeva layiq görülüblər.
   Mükafatlandırma Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.
   Xatırladaq ki, Azərbaycan tərəfi də ötən ilin dekabr ayında Özbəkistanda Azərbaycan ədəbiyyatının fəal tədqiqatçılarını mükafatlandırıb. AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin imzaladığı fəxri fərmanlarla tanınmış özbək ədəbiyyatşünasları, tərcüməçilər təltif ediliblər.