Azərbaycan
6 mart 1920 - Filologiya elmləri doktoru Yəhya Qasım oğlu Seyidov (1920 - 4.12.1980) Ordubadda anadan olub.
6 mart 1931 - Yazıçı, tərcüməçi, Əməkdar incəsənət xadimi Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) Ağstafa rayonunda anadan olub.
6 mart 1955 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 - 1955) Ankarada vəfat edib. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Mətbu orqanlarda yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı" və s. əsərlərin müəllifidir.
7 mart 1908 - Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.
7 mart 1926 - Xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar ömrünün sonuna yaxın doğulduğu kəndə qayıdıb və orada dünyasını dəyişib.
7 mart 1945 - Xalq artisti Xuraman Hacıyeva (1945 - 15.2.2005) anadan olub. "Arşın mal alan" (1965, Asya), “Lətifə” və s. filmlərdə çəkilib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.
8 mart 1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911 - 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Milli Dram Teatrında çıxış edib. “Koroğlu" (Həsən xan), "Bir qalanın sirri" (Usta), "Bizim küçə" (Bəhram), “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.
8 mart 1923 - Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923-1984) anadan olub.
8 mart 1934 - Xalq artisti, tar ifaçısı Ceyran Haşımova anadan olub. “Lalə” qızlar ansamblının yaradıcısıdır.
8 mart 1940 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 - 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. “Şərikli çörək”, “Qanlı zəmi” və s. filmlərdə quraşdırılmış səhnələrin operatorudur.
8 mart 1947 - Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947 - 24.12.1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil, səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.
8 mart 1947 - Şair, yazıçı Məmməd Oruc anadan olub. "Yadigar mahnı", "Leylək körfəzi", "Köçürülmə" kitablarının, "Təbriz almaları", "Oğulla görüş" və s. pyeslərin müəllifidir.
9 mart 1915 - Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915-1996) anadan olub. Füsunkar təbiət lövhələrini kətana köçürüb: “Zaqatala dağları”, “Şuşa”, “Araz sahilində”, “Ordubadda qış” və s.
9 mart 1929 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (1929 - 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
9 mart 1933 - Yazıçı-publisist, tərcüməçi Əliağa Hacı oğlu Yasinzadə (1933-2005) Quba rayonunun Qarxun kəndində anadan olub. Kitabları: “Berlin gündəliyi”, “Əsgər ürəyi”, “Yaşıl xiyaban” və s.
9 mart 1947 - Xalq artisti, kamança ifaçısı Şəfiqə Alxas qızı Eyvazova anadan olub. Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri kafedrasının professorudur.
9 mart 1952 - Aktyor Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov; 1880-1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrının aktyoru və rejissoru olub. “İsmət” (1934), “Almaz” (1936), “Səbuhi” (1941) filmlərində çəkilib. Pyeslər yazıb.
Dünya
6 mart 1475 - İtalyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Lodovico Buonarroti Simoni; 1475-18.2.1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.
6 mart 1909 - Polyak satirik-yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec, 1909-1966) anadan olub.
6 mart 1928 - Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 - 17.4.2014) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Arzuolunmaz saat”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı” və s.
7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub.
7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.
7 mart 1941 - Rusiyanın Xalq artisti Andrey Mironov (Menaker; 1941 - 16.8.1987) anadan olub. Filmləri: “Brilyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s.
8 mart Beynəlxalq Qadınlar Günüdür. Günün tarixi 1857-ci il martın 8-də Nyu-York toxucularının sosial tələblərlə keçirdikləri yürüşlə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında yəhudi əsilli alman sosialisti Klara Setkinin təşəbbüsü ilə bu tarixin “Beynəlxalq qadınlar günü” kimi qeyd edilməsi qərara alınıb. Dünyanın bir çox ölkələrində qeyd olunur.
8 mart 1575 - Alman filosofu Yakob Böme (Jakob Böhme, 1575-1624) anadan olub.
8 mart 1851 - Görkəmli maarifçi, mütəfəkkir, ictimai xadim İsmayıl Qaspralı (Qasprinski; 1851 - 24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının maarifçilik tarixində böyük xidmətlər göstərib. "Tərcüman” qəzetinin naşiri olub.
9 mart 1814 - Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub. Klassik Ukrayna ədəbiyyatının banisidir. “Kobzar” poetik toplusu, “Yuxu”, “Qafqaz” poemaları və s. əsərlərin müəllifidir.
9 mart 1934 - Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir (1934 - 15.9.2015) anadan olub. Filmləri: “Qaraçı”, “Budulayın qayıtması”, “Tütək səsi” (“Azərbaycanfilm) və s.
Hazırladı: Vüqar Orxan