Türkdilli ölkələrin əlaqələri gücləndikcə bu sahədə işbirliyini genişləndirmək məqsədilə müxtəlif ictimai təşəbbüslər ortaya çıxır, yeni təşkilatlar qurulur.
   Ankarada yeni fəaliyyətə başlayan Türk Dünyası Parlamentlər (TDP) Birliyi də bu qəbildəndir. Qurumun rəhbəri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Trabzondan millət vəkili olmuş Nail Çələbidir. 
   Məlum olduğu kimi, bu sahədə dövlətlərarası qurum - Türkdilli Ölkələrin Parlamentlər Assableyası (TÜRKPA) mövcuddur. Elə isə oxşar məqsədli ictimai qurumun yaradılması hansı ehtiyacdan irəli gəlib. Həmsöhbətim Nail Çələbi bu suala belə cavab verdi: 
   - TBMM-də 21-ci dönəm millət vəkilliyim bitdikdən sonra siyasətdə qalmaq istəmədim. Hələ gənclik illərimdən bir türk sevdalısıyam. Millət vəkili olarkən də Türk dünyasının daha da gücləndirilməsi, qardaş xalqların bir-birinə qaynayıb-qarışması üçün təşəbbüslərimiz olmuşdu. Ankarada bizim Türk Parlamentləri Birliyimiz var. Amma onun üzvləri sadəcə Türkiyə millət vəkilləridir. 2013-cü ildə Türk Dünyası Parlamentlər Dərnəyini qurmaq qərarına gəldik. 2015-ci ildə bu qurumun baş katibi seçildim. Ötən il isə dərnəyin adını Türk Dünyası Parlamentlər Birliyi olaraq dəyişdirdik. TÜRKPA-dan fərqimiz odur ki, həmin qurumda fəaliyyətdə olan millət vəkilləri təmsil olunur. Bizim qurum həm də keçmiş millət vəkillərini işbirliyinə, üzvlüyə dəvət edir. Bir sözlə, Türk dünyası parlamentlərində aktiv olmuş hər kəsi bir araya gətirmək istəyirik. Bununla da əlaqələri gücləndirmək, onların bir-birilərini daha da yaxından tanımalarına fürsət yaratmaq niyyətindəyik. 
   - Türkdilli respublikalarda bu təşəbbüsə münasibət necə oldu?
   - Münasibət müsbət oldu. Məsələn, Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədri bizim birliyin üzvüdür. Pakistanda, Kosovada, Şimali Kiprdə təmsilçimiz var. Yaxın vaxtlarda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan daxil olmaqla türklərin yaşadığı bütün bölgələrlə işbirliyi qurmağı planlaşdırırıq. Məqsədimiz budur ki, bir-birimizi tanıyaq və böyük olaq: siyasi, iqtisadi və mədəni baxımdan bərabər olaq. Hazırda 150-yə qədər üzvümüz var. Martın 10-da Beynəlxalq Qadınlar Günü ilə bağlı panelimiz olacaq və oraya da Ankaradakı türk respublikaları səfirliklərinin nümayəndələrini dəvət etmişik. Bundan başqa, birliyin özünün jurnalı da olacaq və artıq bu istiqamətdə işlərə başlamışıq. 
   - Birliyin mədəniyyət fəaliyyətlərində əsas hədəflər nə olacaq?
   - Bizim ortaq tariximiz və bu tarixdən gələn qardaşlıq bağlarımız, mədəni zənginliyimiz mövcuddur. Məqsədimiz həm də bu mədəni dəyərlər ətrafında birləşməkdir. Bundan başqa, Türk dünyasında xeyli sayda tanınmış yazıçı, şair və incəsənət adamları var. Biz onlarla müxtəlif sahələrdə işbirliyi quracaq, tez-tez bir araya gələcəyik. Bu tədbirlərdə hər kəs öz tarixini anladacaq, televiziya proqramları düzənlənəcək, layihələr gerçəkləşdirəcəyik. Bununla da aramızda bir mədəni ünsiyyət qurulacaq. Orta Asiya bizim mədəniyyət coğrafiyamızdır. Atalarımız orda doğuldu, orda böyüdü. Biz türkün olduğu hər yerdə olacağıq.
   Azərbaycanda da bir təmsilçilik qurmağı planlaşdırırıq. Azərbaycan bizim ana yurdumuzdur, öz vətənimizdir. Biz iki dövlət, bir millətik. Eyni dinə inanır, eyni dili, mədəniyyəti paylaşırıq. Vətənim mənim üçün nədirsə, Azərbaycan da mənim üçün odur. 
   
   Mehparə Sultanova
   Ankara