Dünyanın ən qədim xalısı türk xalqlarına məxsusdur
   
   Martın 7-də Azərbaycan Xalça Muzeyində xalçaçı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun “Pazırık xalısı. Rəmzlər dünyası” kitabının təqdimat mərasimi keçirildi. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub.
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Ədalət Vəliyev, elm və mədəniyyət xadimləri iştirak edirdi.
   Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın yaratdığı digər mədəni irs nümunələri kimi xalçaçılıq sənətinin də inkişafından, Azərbaycan xalçalarının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramının icrası milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsində mühüm rol oynayacaq. Nazir xalça sənətimizin yaşadılması, dünyada tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etdi, 2010-cu ildə Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırdı.
   Bildirildi ki, qədim tarixə malik Azərbaycan xalçaçılıq sənəti gələcək nəsillərə layiqincə ötürülməlidir: “Xalçaçılıq dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biri kimi tarixən Azərbaycan xalqının həyatında, məişətində mühüm yer tutub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu ərsəyə gətirən insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Ona görə də xalçaçılığın inkişafı tarixi mədəni irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir”. 
   Nazir qeyd etdi ki, kitabda haqqında söz açılan və 2500 il tarixi olan, türk xalqlarının yaratdığı Pazırık xalısı digər xalqların mədəniyyətinə də güclü təsir edib: “Bu mənada kitab böyük əhəmiyyət kəsb edir. Belə kitablar xarici dillərə tərcümə olunaraq dünya ölkələrinə yayılmalıdır”. 
   Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova kitabın Türk dünyasının xalça sənətinin öyrənilməsində qiymətli mənbə olduğunu vurğuladı: “Pazırık xalısı 1949-cu ildə aşkar olunandan sonra tədqiq edilməyə başlanıb. Müəllif bu tədqiqatda müxtəlif yanaşmaları nəzərə alaraq, bu xalının məhz türk xalqlarına məxsus olduğunu sübut edir. Kitab milli-mədəni dəyərlərimizə, maddi irsimizə sahiblənmək istəyənlərə tutarlı bir cavabdır. Nəşrdə həmçinin Xalça Muzeyinin bir neçə eksponatı da yer alır”.
   Müəllif Məmmədhüseyn Hüseynov bildirdi ki, kitabda Dağlıq Altayın (Rusiya) Pazırık vadisindəki kurqandan aşkarlanan, dünyanın ən qədim xalısı hesab edilən Pazırık xalısı ilə bağlı aparılmış tədqiqatlardan bəhs olunur. Dörd hissədən ibarət olan nəşrdə Pazırık xalısının tarixi, kompozisiya quruluşu, bədii xüsusiyyətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı məsələlər əksini tapıb. Həmçinin türk xalqlarının xalça sənəti nümunələrindəki naxış və motivlərlə Pazırık xalısı elementlərinin arasındakı oxşar xüsusiyyətlər araşdırılıb. Kitabın sonunda türk, rus və ingilis dillərində xülasə verilib.
   Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd etdi ki, böyük tarixə və zəngin mədəniyyətə sahib türk xalqlarının yaratdığı sənət nümunələrindən biri də xalçaçılıq sənətidir. Digər xalqlar zaman-zaman mədəni irs nümunələrimizə sahib çıxmağa çalışıblar. Belə mənimsəmələr xalçaçılıq sənətimizdən də yan keçməyib. Ona görə də mədəni irsimizə həssaslıqla yanaşıb, araşdırıb dünyaya tanıtmalıyıq.
   Görkəmli etnoqraf alim, akademik Teymur Bünyadov, xalq rəssamları Ömər Eldarov və Ağəli İbrahimov çıxış edərək kitabın Azərbaycan xalçaçılıq sənətinin tarixi üçün qiymətli mənbə olduğunu diqqətə çatdırdılar.
   
   Fariz Hüseynov