Sərgi çərçivəsində “İpək Yolu” ölkələri turizm nazirlərinin 8-ci görüşü keçirilib
   
   Xəbər verdiyimiz kimi, martın 7-də Almaniya paytaxtında işə başlayan “İTB 2018” beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunur. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, “AZAL” Qapalı Səhmdar Cəmiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 25 turizm şirkəti və 4 mehmanxana iştirak edir. 94 kvadratmetr sahədə xüsusi layihə əsasında qurulan milli stenddə ölkəmizin turizm imkanları ilə bərabər Bakı şəhərinin 
   “EXPO 2025” Dünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat nümayiş olunur.   
   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin Turizm şöbəsinin əməkdaşları Cəmil Kəlbəliyev, Elin Abasov da yer alıb.
   Sərginin ilk günündə ölkəmizin ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Stenddə ölkəmizin turizm istiqamətləri barədə təkliflər, turizm potensialı və görməli yerlər haqqında məlumat əldə etmək olar.
   Milli stendimizi Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili və “AZAL” QSC-nin vitse-prezidenti Eldar Hacıyev ziyarət ediblər.
   Sərgi çərçivəsində DTT-nin təşkilatçılığı ilə “İpək Yolu” ölkələri turizm nazirlərinin 8-ci görüşü keçirilib. İclasda “İpək Yolu” mədəni turizm marşrutunun inkişaf strategiyası və digər mühüm məsələlər barədə müzakirələr aparılıb.
   Bununla yanaşı, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Lüsern Dünya Turizm Forumu”nun rəhbəri Martin Bart, Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi Turizm şöbəsinin müdiri Oksana Serdiuk, Almaniya Səyahət Assosiasiyasının prezidenti Norbert Fibiq, “TUI Group” şirkətinin prezidenti Michael Frenzel, “Messe Berlin” şirkətinin Rusiya və MDB üzrə beynəlxalq nümayəndəliyinin rəhbəri İrina Keyko və “ITB Asia” sərgisinin biznesin inkişafı meneceri Edvin Zee və digər iştirakçılarla görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. 
   Qeyd edək ki, dünyanın ən nüfuzlu turizm sərgilərindən hesab olunan “İTB Berlin”in pavilyon və stendləri “Messe Berlin” kompleksində 160 min kvadratmetr sahədə nümayiş olunur. Bu, Avropada ən böyük turizm sərgisi meydançasıdır. 52-ci dəfə keçirilən sərgidə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətləri 2004-cü ildən etibarən iştirak edir. 185 ölkənin qatıldığı “İTB Berlin 2018” sərgisi martın 11-dək davam edəcək.