Bakı sakinlərini və şəhərin qonaqlarını maraqlı tədbirlər gözləyir
Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək tədbirləri açıqlayıb. Novruz tədbirlərinin zəngin təqvimi var.
Martın 19-da bayram münasibətilə ümumxalq şənliyi keçiriləcək. İçərişəhər və Dənizkənarı bulvar ərazisində təşkil olunacaq tədbirdə pəhləvanlar və kəndirbazlar, pantomima artistləri, musiqiçilər öz məharətini göstərəcək, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəl tamaşaçılara bayram əhvalı yaşadacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində martın 20-26-da keçiriləcək Novruz festivalında Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edəcəklər. Festival çərçivəsində Qoşa Qala qapısının qarşısında “Meydan bazarı” təşkil olunacaq. Burada iştirakçı ölkələrin mədəniyyətini əks etdirən videofilmlər, tətbiqi sənət məhsulları, suvenirlər, milli mətbəx nümunələri sərgilənəcək.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində martın 20-21-də keçiriləcək Novruz bayramı festivalında həm uşaqlar, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu şənliklər təqdim olunacaq.
Martın 20-25-də paytaxtın Fəvvarələr meydanında keçiriləcək Novruz festivalında isə Azərbaycanın müxtəlif bölgələrindən musiqi və xalq yaradıcılığı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim ediləcək. Sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəx nümunələrini dadmaq imkanı yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regionların tanınmış müğənniləri iştirak edəcək. Meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlərə ölkəmizin mətbəx və sənətkarlıq nümunələri təqdim olunacaq.