Festivalda paytaxtdakı 800-dək mağaza iştirak edəcək
   
   Növbəti Bakı Şopinq Festivalının tarixi açıqlanıb. Azərbaycan Konqreslər Bürosundan verilən məlumata görə, bu ilin ilk Şopinq festivalı mayın 1-dən 31-dək keçiriləcək. Qeyd edək ki, bu, paytaxtımızda sayca üçüncü belə festival olacaq. Ənənəvi olaraq bu il də tədbirin iki dəfə (yaz və payız mövsümlərində) təşkili nəzərdə tutulur.
   Ötən il olduğu kimi, yerli əhali və turistlər müxtəlif əlverişli alış-veriş fürsətləri qazanacaqlar. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Alıcılar “Baku Shopping Festival - Tax Free” nişanı olan mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat, kosmetika və digər məhsulları bir ay ərzində davam edəcək xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Həm yerli, həm də xarici ölkə vətəndaşları endirimlərdən faydalanmaqdan əlavə sözügedən mağazalardan etdikləri hər 100 manatdan çox alış-veriş zamanı əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini (xidmət haqqı çıxılmaqla) geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür. 
   Xatırladaq ki, 2017-ci ildən keçirilən Bakı Şopinq Festivalı vətəndaşlarımıza və şəhərimizin qonaqlarına ildə iki dəfə bu fürsəti yaradır. Azərbaycanda və regionda ilk belə tədbir olmasına baxmayaraq, Bakı Şopinq Festivalı qısa zamanda böyük maraq doğurdu. Ötən il iki festivala ümumilikdə, 665 mağaza qoşulmuş və bu müddətdə mağazalarda 71 mindən çox ƏDV qaytarılması (Tax Free) əməliyyatı həyata keçirilmişdi.
   Budəfəki festivalda da dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər tədbirlərin təşkili nəzərdə tutulur.
   Paytaxtda yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Festival sahibkarlara öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə ticarət dövriyyəsini artırmaq imkanı yaradır. Festivala qatılmaq istəyənlər info@bakushopfest.com elektron poçt ünvanı və ya (+99455) 253-63-27, (+99455) 253-63-18 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.