Turizm Şurasının müvafiq istiqamətlər üzrə ona yaxın işçi qrupu fəaliyyət göstərir
   
   Son bir neçə ildə turizm sənayesində həyata keçirilən tədbirlər, o cümlədən Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının və 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası bu sahədə yeni bir mərhələnin başlanğıcını qoyub. 2017-ci ildə Azərbaycan Respublikası Turizm Şurasının fəaliyyətə başlaması da bu sahədə aidiyyəti qurumların işinin əlaqələndirilməsi baxımından xüsusi önəm kəsb edir. Prezidentin fərmanı ilə tərkibi təsdiq olunan Şuraya mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir. Şuranın katibliyi Mədəniyyət və Turizm Nazirliyində fəaliyyət göstərir.
   Turizm Şurasının yaradılmasında əsas məqsəd bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir. İndiyədək keçirilən iclaslarda ümumilikdə 145 qərar qəbul edilib.
   Şura öz fəaliyyətini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir. Ötən dövr ərzində çimərlik turizminin inkişafı, turizm statistikasının təkmilləşdirilməsi, turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi, liberal hava nəqliyyatı, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və viza prosesinin asanlaşdırılması, sağlamlıq turizmi (eləcə də Naftalan üzrə tədqiqat qrupu), ekoturizm, turizm sahəsində təhlükəsizlik üzrə işçi qrupları yaradılıb. 
   Müasir dövrdə turistlərin təhlükəsizliyinin təmin edilməsi bu sahədə ən ümdə məsələlərdən biridir. Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır. Ölkəmizdəki sabitlik və əmin-amanlıq, eyni zamanda xalqımızın zəngin mədəniyyəti, adət-ənənəsi, digər xalqlara və millətlərə tolerant yanaşması Azərbaycanı turizm məkanı kimi cəlbedici edir. 
   Bununla yanaşı, digər ölkələrin təcrübəsindən yararlanmaqla təhlükəsizlik üzrə yeni standartların yaradılması və beynəlxalq göstəricilərə uyğunlaşdırılması məqsədilə Turizm Şurasının nəzdində “Turizm sahəsində təhlükəsizlik” İşçi qrupu yaradılıb. Qrupda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər dövlət qurumlarının nümayəndələri də yer alıb.
   Ötən müddət ərzində, həmçinin Turizm Şurası tərəfindən aşağıbüdcəli aviareyslərin açılması istiqamətində işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağıbüdcəli uçuşlar təşkil olunub. Eləcə də sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağ üzrə müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində işlər görülür. Beynəlxalq sertifikatlar ölkənin bu sahədə imkanlarının daha geniş miqyasda tanınmasına və xaricdən turist axınına təkan verəcək.