Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib
Martın 10-da Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultayı açaraq tədbirdə iştirak etmək üçün 166 üzv təşkilatdan 241 nümayəndənin qeydiyyatdan keçdiyini bildirib.
Daha sonra kürsüyə dəvət olunan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Məktubda 2003-cü ildə jurnalistlərin I qurultayında mətbuatın özünütənzimləmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılmasının media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə əhəmiyyəti diqqətə çatdırılır, qurumun ötən 15 ildəki fəaliyyəti təqdirlə qeyd olunur. “Düşünürəm ki, qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir”, - deyə məktubda vurğulanır.
Qurultayın sədarəti, katibliyi, say və mandat komissiyaları formalaşdıqdan sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov VI qurultaydan ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Şura sədri deyib ki, bu gün Azərbaycanda mediaya sistemli dövlət qayğısı mövcuddur. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərməkdədir. Ancaq müasir dövr tələb edir ki, mediamız daha da güclənsin, reklamdan, satışdan əldə etdiyi gəliri çoxaltsın. Qarşıda dayanan növbəti məsələlərdən biri də internet üzərindən yayımlanan media vasitələrinin səmərəliliyinin artırılmasıdır. Bu sahədəki qanunvericilik bazasında xeyli təkmilləşmələr aparılıb. Belə media vasitələri hüquqi münasibətlər sistemində öz yerlərini tuta biliblər. Ancaq onların artan rolundan cəmiyyətimizin inkişafı naminə istifadə etməliyik.
Ə.Amaşov mövcud problemlərdən danışarkən kütləvi informasiya vasitələri ilə bağlı Mətbuat Şurasına daxil olan şikayətlərdən ətraflı bəhs edib. Bildirib ki, Azərbaycan jurnalistlərinin VI qurultayından ötən 5 ildə Şuraya ümumilikdə 3145 şikayət daxil olub. İlkin mərhələdə baxılan 3145 məsələdən 2213-ü katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 932 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlərə müvafiq komissiyalarda baxılıb. O cümlədən reket jurnalistikaya qarşı mübarizə komissiyasında 159 müraciət araşdırılıb.
Sonra MŞ-nin nəzarət-təftiş və mandat komissiyalarının hesabatları dinlənilib, məruzələr ətrafında çıxışlar olub. Çıxışlarda Mətbuat Şurasının hesabat dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayda çıxış edərək səslənən bəzi fikirlərə münasibət bildirib. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələrinin Azərbaycanda uğurla inkişaf etdiyini bildirən Əli Həsənov deyib ki, nə qədər ki, cəmiyyət, insanlar, həyat var, opponentlər də olacaq: “Sadəcə olaraq, onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etmələrindən asılı olmayaraq, Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın”.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti ilk olaraq media göstərməlidir. Mətbuat milli dəyərlərimizi, milli rəmzlərimizi müdafiə etməlidir. Ölkəmizdə jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühitinin yarandığını vurğulayan Əli Həsənov bildirib: “Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır?”.
Mətbuat Şurasının reket nəşrlərlə bağlı “qara siyahı” hazırladığını xatırladan Ə.Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət edərək deyib: “Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, “Mətbuat Şurası haqqında” qanun qəbul edilməsinin zamanı çatıb”.
Sonra qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunub. Şuranın Nizamnaməsində müvafiq dəyişiklik təklifi səsə qoyularaq qəbul edilib. İdarə heyətinin tərkibi genişlənib, üzvlərin sayı 17-dən 23-ə (11 jurnalist, 7 ictimaiyyət nümayəndəsi və 5 internet informasiya resursu təmsilçisi) çatıb.
Qurultay iştirakçılarının gizli səsverməsi ilə idarə heyətinin yeni tərkibi seçilib. Sonra açıq səsvermə ilə Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.
Sonda qurultayın qətnaməsi qəbul olunub.