Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki qoruqlarda ilaxır çərşənbələr və Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil edilir. 
   Ötən həftə Od çərşənbəsi “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda geniş şənliklə qeyd edilmişdi. Martın 13-də Novruzun müjdəçisi olan çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsi münasibətilə “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda və İsmayıllı rayonunda, Lahıc tarix-mədəniyyət qoruğunda tədbirlər təşkil edilib.
   Martın 16-da Hacıqabul rayonundakı “Pir Hüseyn xanəgahı” tarix-memarlıq qoruğunda və “Şabran şəhəri” tarixi qoruğunda (Şabran rayonu) şənliklər nəzərdə tutulub. Novruz bayramı münasibətilə tədbirlər 18 martda Şəki rayonunda, Kiş tarixi-memarlıq qoruğunda, ayın 19-da Qobustan Milli tarixi-bədii qoruğunda davam etdiriləcək.
   Martın 20-də ilaxır çərşənbələrdən sonuncusu - Torpaq çərşənbəsi və Novruzun ilk günü Nardaran tarix-mədəniyyət qoruğunda və Zaqatala tarix-mədəniyyət qoruğunda təntənə ilə qeyd ediləcək. Həmçinin 20-23 mart tarixində Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunda bayram şənlikləri nəzərdə tutulub.