Qazax rayonu ərazisində yerləşən "Avey" Dövlət tarix-mədəniyyət qoruğu qədim tarix-mədəniyyət abidələrinə və füsunkar təbiətə malikdir. Qoruq ərazisində, Daş Salahlı kəndi yaxınlığında Avey dağının şərq ətəyində qədim Daş dövrünə aid olan dünya əhəmiyyətli “Damcılı” mağaralar kompleksi yerləşir. “Damcılı” mağara düşərgəsi Avey dağı ərazisində aşkar olunan Daş dövrü insan məskənlərindən ən böyüyü və əhəmiyyətlisidir. Ərazi öz adını mağara yaxınlığında yerləşən təbiət incisi - Damcılı bulağından alıb.
“Damcılı” Qazax rayonunun əsas istirahət yeri, turizm məkanıdır. Ötən il ərzində qoruğu 14 mindən çox yerli və xarici turist ziyarət edib.
Turizm mövsümünün başlanması ilə əlaqədar "Avey" Dövlət tarix-mədəniyyət qoruğunun "Damcılı" filialına turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə əraziyə gedən yol yenidən abadlaşdırılıb, yola çınqıl tökülərək hamarlama işləri aparılıb. Eyni zamanda yolun kənarları boyunca Eldar şamı və meyvə ağacları əkilərək yaşıllıq zolağı salınıb. Yaşıllıq zolağının suvarılması üçün Damcılı bulağından əraziyə su xətti çəkilib.