Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində turizm və hotelçilik ixtisası üzrə təhsil alan tələbələr təcrübələrini Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunda keçirlər.
Qurumun direktoru Fuad Nağıyev UNEC-in tələbələrinin Milli Turizm Təbliğat Bürosunun həyata keçirdiyi layihələrdə fəal iştirak etdiklərini bildirib. O, Novruz bayramı ərəfəsinə təsadüf edən təcrübənin tələbələr üçün önəmini qeyd edib, paytaxtın beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması sahəsində Büronun fəaliyyətindən söz açıb.
UNEC-in Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov və təcrübə rəhbəri, Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrasının müəllimi Yalçın Köçərli turizm fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə yeni, kreativ ideyaların yaranması və ölkəmizi tanıdan turizm məhsullarının təqdimatında Mədəniyyət və Turizm Nazirliyi ilə UNEC-in birgə əməkdaşlığının davamlı olmasının əhəmiyyətini vurğulayıblar.