Təklif razılaşdırıldıqdan sonra qətnamə layihəsi UNESCO-ya təqdim olunacaq
Ankarada UNESCO üzrə Türkiyə Milli Komissiyasında “Türk Dili Günü”nün təsis olunması təklifi ilə əlaqədar məsləhətləşmə toplantısı keçirilib.
Toplantıda Türk Şurası, TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının əməkdaşları, Türk Dil Qurumu, Türkiyənin Mədəniyyət və Turizm, Milli Təhsil nazirliklərinin, Yunus Əmrə İnstitutunun nümayəndələri, türkoloqlar iştirak ediblər.
Tədbir iştirakçıları Türk dünyası mirasının önəmli bir hissəsi olan türk dilinin beynəlxalq miqyasında təbliği məqsədilə “Türk Dili Günü”nün təsis edilməsi ideyasını müsbət qarşıladıqlarını bildiriblər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fatimə Həsənova iclasda çıxış edərək türk dilinin beynəlxalq arenada ayrıca bir gün kimi qeyd olunmasının əhəmiyyətini vurğulayıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk Dili Günü”nün təsis edilməsi ideyasının əsas təşəbbüskarlarından biri olduğunu qeyd edib.
İclasda “Türk Dili Günü”nün təyin edilməsi üçün tarix təklifi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində son qərarın üzv dövlətlərlə keçiriləcək məsləhətləşmələrdən sonra qəbul edilməsi və təklif üzrə qətnamə layihəsinin UNESCO-nun Baş konfransının 40-cı sessiyasına təqdim olunması razılaşdırılıb.