Fransada yaşayan Əməkdar rəssam Adil Rüstəmov 75 yaşını qeyd edir 
   
   Həqiqi sənət məsafədən və zamandan asılı olmayaraq, öz fəlsəfəsini, qayəsini qoruyub saxlamaq gücündədir. Min il bundan əvvəl yonulan heykəl, əsrlər öncə yaradılan rəsm əsəri, yazılan ədəbi nümunə bu gün də insanları maraqlandırır, düşündürür. Bir müddət əvvəl paytaxtdakı fotostudiyalardan birində buna bir daha əmin oldum. Orada Əməkdar rəssam Adil Rüstəmovun müəllifi olduğu iki əsər gözümə sataşdı. Hər ikisi səliqə ilə divardan asılmışdı. Fotostudiyanın zövqlə dizayn edilmiş rəflərində isə rəssamın əsərlərindən ibarət kataloq yer alırdı...    
   Adil müəllimi qiyabi olaraq çoxdan tanıyıram. Ortaq dostlarımızın sayəsində onun əsərləri, yaradıcılığı haqqında məlumatım var. Virtual tanışlığımız isə bir neçə ildir başlayıb. Fransada yaşayan rəssam bu il 75 illik yubileyini qeyd edir. 
   1943-cü ildə Bakıda doğulub. 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rəssamlıq fakültəsini bitirib. 1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilib. İlk sərgisini 1981-ci ildə üç qrafik həmkarı ilə birgə keçirən rəssamın 1985-ci ildə “Arktika” adlı fərdi sərgisi təşkil edilib. 1991-ci ildə “Lirika və poeziya”, 1994-cü ildə “Əlağa Vahid - 100”, 1996-cı ildə “Füzuli - 500” adlı fərdi sərgiləri keçirilib. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı olub, “Humay” mükafatına (1997) layiq görülüb. 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülən fırça ustasının bu günə kimi İran, Türkiyə, Almaniya, Fransada fərdi sərgiləri böyük maraqla qarşılanıb. 2015-ci ildə Normandiyada (Fransa) təşkil edilən sərgisi də bu qəbildəndir. 
   
   Arktikada keçən 40 gün
   
   Yubileyi ərəfəsində virtual söhbətimiz zamanı sənətkar ötən illərə - gənclik çağlarına qayıtdı: 
   - Cavanlıq getdi, gəlməz, qocalıq gəldi, getməz. Bu gün 75 yaşdan dönüb yaşadığım illərə baxanda ilk növbədə gənclik illərimi, SSRİ Rəssamlar İttifaqı xətti ilə yaradıcılıq səyahətlərim, sənətimlə əlaqəli xoş günlər bir kino lenti kimi gözlərimin qarşısından keçir. Xüsusilə də Arktika, Çukotka, Berinq sahillərindəki yaradıcılıq ezamiyyətlərimi necə xatırlamaya bilərəm. Çünki Arktikada bəlkə də məndən başqa heç bir rəssam yaradıcılıq ezamiyyətində olmayıb. Orada olduğum 40 gün müddətində işlədiyim eskizlər əsasında 40 əsər yaratdım və həmin əsərlər 1985-ci ildə “Arktika” adlı sərgimdə nümayiş olundu. Artıq 8 ildir ki, Fransadayam. Yubileyimi ölkəmdən kənarda qeyd etsəm də, ürəyim hər zaman Azərbaycanladır. Bu gün də yaşayıb işləməyimi Tanrının lütfü hesab edirəm. Burada çəkdiyim əsərlərin hamısı Qarabağ və Normandiya mövzularıdır. Üç il əvvəl Ruan şəhərində sərgim təşkil edildi. Yubiley ərəfəsində isə Parisdə sərgimin keçirilməsini çox arzulayırdım və yaxın zamanlarda bu arzum da reallaşacaq. 
   
   Azərbaycandakı həmkarları ilə mütəmadi əlaqə saxlayan rəssam dostlarının Bakıda yeni əsərlərindən ibarət sərgi təşkil etmək istədiklərini bildirdi: “Amma bu bir az çətin məsələdir. Çünki həkimlər uzaq məsafəyə səyahətimə qadağa qoyublar”. 
   
   “Karandaş və fırça həmişə mənimlədir”
   
   Adil Rüstəmovun əsərlərinə baxarkən rəssamın zəngin daxili aləmi, həssas qəlbi və sanki bir az da sərt xarakterinin ştrixlərini görürük. Uzun illərdir hər dəfə onun əsərlərini izləyəndə təsəvvürümdə rənglərin çalarları qədər müxtəliflik və müxtəlifliklər içində də bir xarakterin önə çıxdığını sezmişəm.
   Yaşadığımız reallıqlar və görkəmli şəxsiyyətlərin obrazlarını rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur. M.Şəhriyar, Ə.Vahid, N.Rəfibəyli, Aşıq Veysəl və digər portretlərdə bir daha bunun şahidi oluruq. Müxtəlif janrlarda çəkdiyi əsərlər sənətşünaslar tərəfindən yüksək qiymətləndirilir. Bu nümunələr təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur. 
   1996-cı ildə Əlağa Vahidə həsr olunan gecədə rəssamın əsərlərini izləyən ümummilli lider Heydər Əliyev onun sənətini yüksək qiymətləndirərək demişdi: “Bu gün səslənən şeirlər və musiqilər bir fəlsəfədir. Rəssam bütün bu fəlsəfəni tam olaraq dərk edib və onun ərsəyə gətirdiyi əsərlər çox gözəldir. O, Vahidin surətini müxtəlif kompozisiyalarda yaradıb və bu kompozisiyalara uyğun şairin misralarını əlavə edib”.
   Xalq rəssamı Ömər Eldarov Adil Rüstəmov yaradıcılığı barədə belə deyir: “Onun hər bir qrafik əsəri böyük estetik zövq və texniki baxımdan yüksək səviyyənin təzahürüdür”.
   2010-cu ildə Xocalı soyqırımının ildönümü münasibətilə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Adil Rüstəmovun “Qarabağ şikəstəsi” adlı fərdi sərgisi keçirildi. Sərgidə 40 qrafika nümunəsi nümayiş etdirildi. Sənətşünas Ziyadxan Əliyev rəssamın əsərləri barədə bunları söyləmişdi: “Obrazlı desək, onun rənglərdən “yoğurulan”, cizgilərdən “hörülən” “Qarabağ şikəstəsi” hələlik bizlər üçün əlçatmaz olan torpaqlarımıza yönələn bədii ağıdır, qəriblik nəğməsidir”. 
   Rəssamın özü isə bu fikirdədir: “Cismən vətəndən uzaq olsam da, qəlbən Bakıdayam, Abşerondayam. Vətəndən uzaq düşməyimin əsas səbəbi səhhətimdir. Bu sınaqlara baxmayaraq, karandaş və fırçam həmişə mənimlə olub”.
   
   Adil müəllim bu gün də yaradıcılıq axtarışındadır. Yaşadığı şəhərdə qalereyalardan da təkliflər alır. Normandiya silsiləsindən əsərləri sərbəst düşüncə və qarışıq texnika ilə işlənən sənət nümunələridir. Vətəndən uzaqda yubileyini qarşılayan rəssamı təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. 
   
   Lalə Azəri