Sənaye tullantılarından heykəllər – COP29 ərəfəsində sərgi

 

Heydər Əliyev Mərkəzində heykəltaraşlıq nümunələrinin təqdim olunacağı daha bir sərgi nümayiş etdiriləcək. Noyabrın 7-də açılışı olacaq “Yenidən doğulmuş gözəllik” (“Reclaimed Beauty”) adlı sərgidə nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) əl işləri yer alacaq.

Müxtəlif ölkələrdə əsərləri nümayiş olunan müəllifin Bakı sərgisinin COP29 ərəfəsində açılması təsadüfi deyil, çünki ekspozisiya bu qlobal iqlim tədbiri ilə səsləşir. Dotun Popula əl işləri ilə iqlim dəyişiklikləri problemini də qabardır. Üstəlik, o, heykəlləri ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır.

Qeyd edək ki, 2012-ci ildən ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə geniş ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək məqsədi daşıyan “Tullantıdan sənətə” adlı beynəlxalq festival keçirilir. Festivalda hazırlanan işlər məişət tullantılarının sənət əsərinə çevrilməsinin mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı muzey yaradılıb.

Nigeriyalı heykəltaraş da tullantı metallardan hazırladığı əsərləri vasitəsilə hazırda bəşəriyyət üçün başlıca problemə çevrilən iqlimin qorunması, ətraf mühitə qayğının vacibliyinə diqqəti cəlb etməyi bacarır.