Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Meksikanın Azərbaycanda səfirlik açmasının 10 illiyi qeyd edilib. Tədbir çərçivəsində yubiley münasibətilə “Azərpoçt” MMC ilə birgə buraxılmış poçt markası da təqdim olub.
Tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Bakıda səfirliyin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Meksika 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk Latın Amerikası ölkəsi olub.
Diplomat həmçinin qeyd edib ki, mədəniyyət sahəsində qarşılıqlı əlaqələr iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdıran mühüm elementdir.
“Azərpoçt” MMC-nin sədri İsi Mustafayev markaların buraxılmasının onun rəhbərlik etdiyi quruma həvalə olunmasına görə səfirə təşəkkür edib.
Sonra səfirlə “Azərpoçt” rəhbəri yeni markanı təqdim ediblər. Markanın üzərində Meksika və Azərbaycan mətbəxinin iki mühüm elementi – tako və qutab təsvir olunub, fonda isə iki ölkənin ənənəvi xalça naxışları əksini tapıb.
Tədbir hər iki ölkənin musiqilərindən ibarət konsert proqramı ilə davam edib.