Azərbaycan
    
   14 mart 1919 - Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880, Naxçıvan - 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub. 
   14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Əsərləri: "Beşmərtəbəli evin altıncı mərtəbəsi" (roman), "Ağ liman", "Əlaqə" (povestlər), “Şəhərin yay günləri" (pyes) və s. “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərin ssenari müəllifi, "Dantenin yubileyi", “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi” filmlərinin rejissorudur. Milli Məclisin deputatı (1995-2005) olub. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir.
   14 mart 1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı qəsəbəsində anadan olub.
   14 mart 1992 - Şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 28.3.1924 - 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib. 
   
   15 mart 1878 - Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 - 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Şeir və poemalar yazıb, Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.
   15 mart 1893 - Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev; 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub. El sənətkarı Ağdabanlı Qurbanın oğludur.
   15 mart 1893 - Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893 - 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.
   15 mart 1897 - Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. “Bəxtiyar” (Ağabala Hüseynov), “O olmasın, bu olsun” (Rüstəm bəy), “Qızmar günəş altında” (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   15 mart 1911 - Xalq artisti Əyyub Məmmədəli oğlu Haqverdiyev (1911 - 12.6.1996) anadan olub.
   15 mart 1919 - Ədəbiyyatşünas Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (1919-1998) Tehranda doğulub. Cənubi Azərbaycanda milli hərəkatın fəallarından olub. Sovet Azərbaycanına mühacirətdən (1946) sonra Uzaq Şərqdə sürgün həyatı yaşayıb. AMEA-nın Ədəbiyyat İnstitutunda çalışıb. Nizamidən, Nəvaidən tərcümələr edib.
   15 mart 1923 - Tanınmış rəssam, Əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923-1990) anadan olub.
   15 mart 1923 - Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923-2001) anadan olub. Naxçıvan teatrında çalışıb.
   15 mart 1932 - Əməkdar rəssam Sima Abbas qızı Ağayeva anadan olub. 
   15 mart 1941 - Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
   15 mart 1941 - Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 - 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub. 
   
   16 mart 1914 - Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 - 15.5.1982) Bakıda doğulub. Musiqili Komediya Teatrında çalışıb. “Ulduz” filminin ikinci rejissoru olub. 
   16 mart 1916 - Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 -8.1.1996) Şuşada anadan olub. "Aygün” operası, "Kəndimizin mahnısı", "Qayınana" operettaları, mahnı və romansların müəllifidir.
   16 mart 1940 - Cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12. 1979) anadan olub. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" vokal qızlar ansambllarına, "Muğam" instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) laureatı olub.
   
   Dünya
    
   14 mart 1681 - Alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.
   14 mart 1804 - Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
   14 mart 1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub. 
   
   15 mart 1830 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse, 1830-1914) anadan olub. Romanlar (“Əsrin uşaqları”, “Cənnətdə” və s.), pyes və poetik topluların müəllifidir.
   15 mart 1924 - SSRİ Xalq artisti, aktyor Vladimir Yakovleviç Samoylov (1924-1999) anadan olub. “Azərbaycanfilm”də “İyirmi altı komissar”, “Ulduzlar sönmür” filmlərində çəkilib. 
   15 mart 1932 - Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub. Filmləri: “Ara həkimi”, “Od və qılıncla” və s.
   15 mart 1937 - Rus yazıçısı Valentin Qriqoryeviç Rasputin (1937 - 14.3.2015) anadan olub. “Mariya üçün pullar”, “Yaşa və unutma”, “Yanğın” və s. romanların müəllifidir.
   
   16 mart 1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.
   16 mart 1883 - Məşhur ərəbşünas, akademik İqnati Yulianoviç Kraçkovski (1883-1951) anadan olub. Sovet ərəbşünaslıq məktəbinin banilərindən biridir.
   16 mart 1884 - Rus yazıçısı, sovet ədəbiyyatında elmi fantastikanın banisi Aleksandr Belyayev (1884-1942) anadan olub. “Amfibiya-adam”, “Ariel” və s. əsərlərin müəllifidir.
   16 mart 1890 - Yəhudi əsilli məşhur teatr rejissoru, aktyor Solomon Mixayloviç Mixoels (Vovsi) (1890-1948) anadan olub.
   16 mart 1935 - Rusiyanın Xalq artisti Sergey Yurski anadan olub. “Azərbaycanfilm”də “Dərviş Parisi partladır” (müsyö Jordan), “Şir evdən getdi” (ovçu), “Qorxma, mən səninləyəm!” (pristav) filmlərində çəkilib.
   16 mart 1940 - İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub. Filmləri: “Konformist”, “Parisdə sonuncu tanqo”, “Sonuncu imperator” (1988, “Oskar”) və s.
   
   Hazırladı: Vüqar Orxan