Azərbaycan Xalq Cümhuriyyəti 100 
   
   Martın 9-da Türkiyənin Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə konfrans keçirilib. Konfransdan əvvəl Azərbaycan və Türkiyədən olan iştirakçılar iki dövlətin bayraqları, xalqlarımızın qardaşlığını tərənnüm edən şüarlarla Ərzurumun mərkəzi prospekti ilə yürüş keçiriblər.
   Azərbaycanın Türkiyədəki səfirliyinin, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi (TDƏD) Ərzurum şöbəsinin və “Eko Avrasiya” Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans dövlət himnilərinin səsləndirilməsi ilə başlanıb. 
   Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen, Ərzurum valisi Seyfeddin Azizoğlu, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov, Azərbaycan və Türkiyənin millət vəkilləri Qənirə Paşayeva və İbrahim Aydəmir və başqaları çıxış edib.
   Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi ağır və şərəfli yol, süqutunun acı nəticələri, eləcə də 1918-ci ildə işğaldan azad edilənə qədər erməni silahlılarının Ərzurum bölgəsində dinc əhaliyə divan tutması barədə müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və Türkiyə ərazisində baş verən bütün qanlı hadisələrdə erməni cəlladları fəal iştirak ediblər. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu qərar Azərbaycan xalqının dövlətçilik tarixinin dünyada tanınmasına və təbliğinə böyük stimuldur.
   * * *
   Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və bölgənin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə təşkil edilən silsilə tədbirlərin ikinci günündə şəhər mərkəzində “Azərbaycan bulvarı”nın, “Nuru Paşa bağı”nın və “Yüzüncü il qəhrəmanları” abidəsinin açılışı olub. “Yüzüncü il qəhrəmanları” abidəsi 1918-ci ildə Bakının azad olunmasında misilsiz xidmətləri olmuş Nuru Paşa və Mürsəl Paşa, o cümlədən Naxçıvanın xilasında böyük rəşadət göstərmiş Kazım Qarabəkir Paşa və erməni silahlı dəstələri ilə mübarizə aparmış, Azərbaycandan Ərzuruma yardıma gəlmiş gəncəli Seyidovun adını əbədiləşdirən xatirə kompleksidir.
   Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Türkiyə Böyük Millət Məclisinin üzvləri İbrahim Aydəmir və Mustafa İlıcalı, Avrasiya İqtisadi Əlaqələr Cəmiyyətinin (Eko Avrasiya) sədri Hikmət Eren və Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban iki ölkənin tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsinin onların xilaskarlıq missiyasının yeni nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. 
   Mərasim bədii proqramla davam edib.