Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) rəssam Şəhla Abbasovanın dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunan batika əsərlərindən ibarət sərgisinin açılışı və sərginin kataloqunun təqdimatı olub.
Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 və ADMİU-nun 95 illik yubileyləri münasibətilə təşkil olunub.
Sərgidə poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının rəssam tərəfindən ipək parça üzərində yaradılmış təsvirləri nümayiş etdirilib.
Universitetin rektoru, professor Fərəh Əliyeva sərginin özəlliyindən söz açıb, rəssamın dahi Nizami Gəncəvinin qəhrəmanlarını yüksək peşəkarlıqla əks etdirdiyini diqqətə çatdırıb.
Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, professor Arif Əziz batika sənətinin qədim tarixindən danışıb. Ş.Abbasovanın çətin və məsuliyyətli işin öhdəsindən uğurla gəldiyini deyib.
Sənətşünas Dilarə Müzəffərli müəllifi təbrik edib, bu layihənin üç əlamətdar yubileyə həsr olunduğunu söyləyib, sərginin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Universitetin tələbələrinin iştirakı ilə ədəbi-bədii proqram nümayiş etdirilib.
Ş.Abbasova müxtəlif beynəlxalq sərgilərdə ölkəmizi təmsil edib. 2016-cı ildə Monteneqroda konfrans çərçivəsində keçirilən sərgidə iştirak edib, sertifikata layiq görülüb.