Martın 15-də Xətai Sənət Mərkəzində “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin sərgisi açıldı. 
   Müsabiqə “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
   Tədbiri giriş sözüylə Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq bildirdi ki, 15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən bu yarışmada məqsəd gənclərdə milli adət-ənənələrimizə hörmət və Novruz bayramının daha böyük anlamda dərk olunması, bədii şəkildə ifadə edilməsidir. Müsabiqəyə 750-yə yaxın uşaq 1600-dən çox əsərlə qatılıb. Yekun sərgidə 140-dək uşağın əl işləri nümayiş olunur. 
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərgiyə işləri seçilmiş iştirakçıları təbrik etdi, onların bədii zövqünün formalaşmasında müsabiqələrin yaradıcı önəmini vurğuladı. O, uşaqların xəyal dünyasının genişliyini, gözəlliyini yüksək dəyərləndirdi. 
   Əməkdar rəssam Rəfael Muradov sərgilənən hər bir əsərdə uşaq qəlbinin döyüntülərini, ifadə səmimiyyətinin duyulduğunu qeyd etdi. 
   Sonda əsərləri sərgilənən iştirakçılara, eləcə də onların təmsil olunduqları kollektivlərə diplomlar təqdim edildi. 
   
   S.Qaliboğlu