Martın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət “Oxu, tar” adlı konsert proqramı təqdim edildi.
Konsertdə bəstəkarın bir-birindən gözəl mahnıları səsləndi. İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (dirijor, Əməkdar artist Faiq Sadıqov) və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri (dirijor, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov) müşayiət edirdi.
Səid Rüstəmovun (1907-1983) mahnılarını dinləyən hər bir kəs bu əsərlərdəki həzinliyi və səmimiliyi hiss edir. “Oxu, tar” adlı konsert proqramı da bu həzinlik və səmimilik notları üzərində qurulmuşdu. Bəstəkarın həyat və yaradıcılığının müəyyən məqamlarını əks etdirən video-çarxdan sonra tamaşaçılara Səid Rüstəmovun ömür yolu haqqında məlumat təqdim edildi.
Qeyd olundu ki, gələcəyin bəstəkarı 20-ci illərdə Musiqi texnikumunun tar sinfini bitirdikdən sonra tar müəllimi kimi fəaliyyət göstərir və ilk əsəri olan "Bayatı-kürd" fantaziyasını bu illərdə yazır. Beləliklə, Azərbaycan bəstəkarlıq məktəbində öz dəst-xətti ilə seçilən bir gəncin sənət yolu başlanır. Bəstəkarın mahnıları ilə yanaşı, teatr tamaşaları üçün musiqiləri, yazdığı musiqili komediyalarda xalq tərəfindən sevilir. Konsertdə istənilən yaş qrupundan olan tamaşaçıların olması bəstəkarın mahnılarını dinləyən hər kəsin bu nəğmələrin sehrinə düşməsinə işarə idi.
Konsertdə Xalq artisti, tarzən Ramiz Quliyev, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Rəşad İlyasov, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Firuz Səxavət, Fərid Əliyev, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov, Aytən Məhərrəmova, Nurlan Növrəsli, Arslan Növrəsli, Arzu Əliyeva, İlahə Əfəndiyeva, Sahib İbrahimov, Çinarə Şirin, Taleh Yəhyayev, Günay İmamverdiyeva, aşıq Samirə, aşıq Əli və başqalarının çıxışları maraqla qarşılandı.
Lalə Azəri