“YARAT” Akademiyası incəsənət haqqında cəmiyyəti maarifləndirməyi qarşısına məqsəd qoyaraq xarici və yerli incəsənət ekspertləri tərəfindən mühazirə və ustad dərsləri təşkil edir.
Bu ilin yaz sessiyası üçün tədris proqramı “Cittadellarte” Fondu ilə əməkdaşlıq çərçivəsində baş tutacaq. Fondun təsviri incəsənət, dəb, memarlıq və dizayn sahələri üzrə ekspertləri mühazirələr və görüşlər keçirəcəklər.
Sessiya müddətində Bolonya Müasir İncəsənət Muzeyinin direktoru Lorenzo Balbinin “Arte Povera” mövzusunda mühazirəsi dinləniləcək. “Yeni texnologiyalar və incəsənət” mövzusunda mühazirəni “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru, kurator və sənətşünas Suad Qarayeva-Maleki aparacaq.
Aprelin 18-də video, fotoqrafiya və rəngkarlıq sahələrində çalışan Səbinə Şıxlinskayanın təqdim edəcəyi mühazirə “Azərbaycan incəsənəti yenidənqurma dövründə” mövzusuna həsr olunacaq. Aprelin 20-də isə qeyri-maddi mədəni irs üzrə ekspert, musiqişünas Cahangir Səlimxanovun “İncəsənət və musiqi” mövzusunda mühazirəsi dinləniləcək.