Xəbər verdiyimiz kimi, martın 13-də işə başlayan 25-ci Moskva Beynəlxalq Səyahət və Turizm Sərgisində (MİTT 2018) ölkəmiz də iştirak edir. "Ekspotsentr" kompleksində qurulan Azərbaycan stendi 90 kvadratmetr sahəni əhatə edir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradılan stenddə həmçinin Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, nazirliyin Rusiya Federasiyasındakı turizm nümayəndəliyi - “Tour A Vent” şirkəti, eləcə də 20 yerli turizm şirkəti və 5 mehmanxana təmsil olunur.
Sərginin açılış günü Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu stendimizi ziyarət edib. Stendlə yaxından tanış olan səfir nümayəndə heyəti ilə xatirə şəkli çəkdirib.
Azərbaycan stendinə baş çəkənlərə rus və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim edilib. Ölkəmizin turizm imkanlarına rusiyalı səyahət həvəskarları tərəfindən böyük maraq göstərilir. Naftalanın sağlamlıq-müalicə turizmi imkanlarının nümayiş olunduğu guşədə ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən onlara tövsiyə verilib.
Sərgidə Azərbaycanın yay və qış turizm, dağ-xizək kurortlarının imkanları da nümayiş olunub. Bundan başqa, “İçərişəhər” tarixi-memarlıq qoruğu öz suvenir məmulatlarını nümayiş etdirib.
Sərgi çərçivəsində turizm sahəsi üzrə dünyanın bir sıra nüfuzlu ekspertlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda region ölkələrinin turizm potensialının reytinqi açıqlanıb. Xarici ekspertlər son illər Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini vurğulayıblar. Ekspertlərin sözlərinə görə, son illər Azərbaycan region ölkələri arasında ən çox turist cəlb edən ölkələrdən biridir. Rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan Türkiyədən sonra ikinci yerdədir. Siyahıda üçüncü yerdə Gürcüstan qərarlaşıb.
Qeyd edək ki, ölkəmiz 2002-ci ildən başlayaraq nazirliyin və yerli turizm şirkətlərinin iştirakı ilə Moskva sərgisində təmsil olunur. Dünyanın beş ən böyük turizm sərgisindən biri sayılan "MİTT" sərgisində bu il 89 ölkə və Rusiyanın 79 regionu qatılıb. 25-ci Moskva Beynəlxalq Səyahət və Turizm Sərgisi martın 15-də başa çatıb.