Mədəniyyət və Turizm Nazirliyi Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə İtaliyanın bir sıra media və turizm şirkətlərinin nümayəndələri Bakıya, eləcə də ölkənin regionlarına (Şəki, Mərəzə, Lahıc, Gəncə və s.) səfər ediblər.
Bürodan bildirilib ki, səfərlərlə bağlı İtaliya mediasında silsilə məqalələr yerləşdirilib. Məqalələrdə ölkəmizin sağlamlıq, qastronomiya turizmi potensialı haqqında məlumat verilib. Həmçinin respublikada infrastrukturun inkişafından, keçirilən irimiqyaslı tədbirlərdən, o cümlədən Formula 1-dən bəhs edilib. Məqalələrdə Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi, İçərişəhər, “Flame Towers”, Yanardağ, palçıq vulkanları, Qobustan, Şəki Xan sarayı, Kiş və digər görməli məkanlar haqqında məlumatlar yer alıb. Eyni zamanda ölkəmizə səyahətin sərfəli və maraqlı olacağı vurğulanıb. Qeyd edilib ki, Bakıda gecələmək üçün beynəlxalq hotellər, hostellər və digər obyektlər çox münasibdir.
Məqalələrdə turistlər üçün milli adət-ənənələri əks etdirən xüsusi tədbirlərin keçirilməsi də diqqətə çatdırılır. Buna səyahətçilərin iştirak etdikləri çay mərasimləri və kəlağayı hazırlamağın öyrədilməsi, habelə şəbəkə düzəldilməsi prosesini müşahidə etməklə bağlı tədbirlər daxildir.