Müəllim və şagirdinin əsərləri eyni sərgidə
Martın 13-də “Gallery 1969” sərgi salonunda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, gənc rəssam Aysel Əmirovanın və onun şagirdi, səkkizyaşlı Fatimə Qəribovanın əsərlərindən ibarət “Rənglər aləmində” adlı sərgi açılıb.
Sərgidə müəllim və şagirdinin ümumilikdə 50 sənət əsəri yer alıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov bildirib ki, məna və məzmun baxımından olduqca maraqlı olan bu rəsmlər müəllim və şagirdinin incəsənət duyumundan, sənətə sevgisindən xəbər verir. Rəssamları sərgi münasibətilə təbrik edən Ağaəli İbrahimov onlara yaradıcılıq uğurları arzulayıb.
Hər kəsə minnətdarlığını bildirən Aysel Əmirova sərgidə nümayiş etdirilən əsərlərin məziyyətindən söz açıb. Qeyd edib ki, sərgidə onun 5, Fatimənin isə 45 rəsm əsəri yer alıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi martın 15-də başa çatıb.