Bir əsərin tarixçəsi
Xalqımızın lap qədimlərdən ən əziz bayramlarından sayılan Novruzun dini damğa vurularaq “qadağalı günlər” siyahısına salındığı kommunist rejimi dövründə bədiiləşdirilməsi, o cümlədən bayramın çoxsaylı adət-ənənələrinin, atributlarının təsviri sənətdə əksini tapması adi yaradıcılıq məsələsi deyildi. Sovet dönəmində Novruz ənənələrinə ilk müraciət edən Əzim Əzimzadə (1880-1943) olmuşdu.
Hələ otuzuncu illərdə milli təsviri sənətimizin lideri olan rəssam dolayısı qadağalara baxmayaraq, bir neçə əsərini Novruz bayramına həsr etmişdi. Onlardan biri “Kos-kosa” (1930), digərləri isə “Od çərşənbəsi” (1937) və “Kəndirbaz” (1935 və 1938) əsərləri idi. Sonradan yaranacaq zəngin bədii “Novruz ensiklopediyası”nın ilk səhifələrini təşkil edən bu çox koloritli əsərlər mahiyyətinə görə həm də duyulası tarixi əhəmiyyət daşımaqdadır, desək, həqiqəti söyləmiş olarıq.
Əzim Əzimzadədən xeyli sonra Novruz mövzusunu bədiiləşdirən ilk rəssam Səttar Bəhlulzadə (1909-1974) olmuşdur. O, altmışıncı illərin əvvəllərində o qədər də böyük ölçülü olmayan (50x70 sm) “Xonça” əsərini yaradır. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılan rəngkarlıq nümunəsinin zamanında yerli rəsmilər üçün də maraqlı görünməsi onun respublikanın baş sənət məbədi üçün alınmasını şərtləndirmişdi.
1962-ci ildə “Xonça” əsəri yaradılıb ictimailəşəndə hələ uzun illər ərzində Novruz bayramı üzərindən asılı qalmış qadağalar götürülməmişdi. Bu yerdə deyək ki, əsərin muzeyin fonduna daxil edilməsinə baxmayaraq, sovet dönəmində onun ekspozisiyada yer almasına icazə verməmişdilər. Sanki əsəri başqalarından gizlətmək üçün müəllifdən almışdılar. Əvvəlcə bu “ideoloji oyun”un alt qatına varmaq istəməyən rəssam az sonra məsələnin əsl mahiyyətini duymağa imkan tapmışdı. Bu da onu bu yoldan çəkindirmək əvəzinə, yeni və daha böyük formatlı əsərlər yaratmağa həvəsləndirmişdi.
O dövrdə Kremldə baş verən hakimiyyət dəyişikliyindən sonra siyasi mühitin bir qədər mülayimləşməsindən istifadə edən Azərbaycan rəhbərliyinin, xüsusilə də Mərkəz Komitənin katibi Şıxəli Qurbanovun səyləri ilə 1967-ci ildə Bahar bayramının ümumxalq şənliyi kimi qeyd edilməsinin də bu işdə təsiri az olmamışdı. Görkəmli fırça ustasının “Xonça”dan yeddi il sonra - 1969-cu ildə yaratdığı “Xalqımın baharı” tablosu bunun ifadəsi oldu.
İriölçülü (220x160 sm) şaquli kompozisiyada rəssam yurdumuza yazın gəlişini Novruz atributları ilə əlaqəli təqdim etmişdi. Əsərin mənzərə janrı üçün səciyyəvi olan ölçüləri aşmasının kökündə sanki onun içində gəzdirdiyi “Novruz yanğısı”nı daha möhtəşəm ifadə etmək istəyi dururdu. Süjetli mənzərə sənətsevərlər tərəfindən bütün mənalarda müsbət qarşılansa da, Səttar Bəhlulzadənin özü bu mövzunu davam etdirmək istəyində idi. Bir il sonra o, Novruz ünvanlı daha möhtəşəm “Azərbaycan nağılı” adlı tablosunu yaradır.
Bu mürəkkəb kompozisiyanı yurdumuza baharın gəlişi və bunu ifadə edən motivlər və çoxsaylı atributlar təşkil edir. Özündə müxtəlif janrların özünəməxsus estetikasını ehtiva edən monumental əsərdə bayram xonçaları, baharın müjdəçisi olan qaranquşlar və çiçəklənən ağaclar, sevinc ovqatına bələnmiş insanlar və digər milli atributlarla vəhdət təşkil edərək mənəvi dəyərlərimizin qədim və zəngin ənənələrə malik olduğunu sərgiləyir.
Əlavə edək ki, “Azərbaycan nağılı” həm kompozisiya tutumuna, həm də ölçüsünə və bədii həllinə görə çox yeni və cəlbedici idi. Belə ki, burada Azərbaycan rəssamlığında ilk dəfə üç janr bir araya gətirilmişdi. Süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirən rəssam kompozisiyanın kifayət qədər təsirliliyinə nail olmuşdu. Doğrudan da, zirvəsi qarlı dağların ətəyində təsvir olunmuş başı xonçalı qız-gəlinlərin, budaqları qaranquşlu gül açmış ağacların və ön planda təsvir olunmuş bayram xonçasının vəhdətini özündə əks etdirən iri tabloda Novruzun nikbin və ovqatyaradıcı ruhunu duymaq mümkün idi. Onun mavi, zümrüdü, çəhrayı və bəyaz rənglərlə ifadə etdiyi xoş əhval-ruhiyyə də cəlbedici və yaddaqalandır. Otuz dörd illik yaradıcılığında zaman-zaman dəst-xəttini yeniləşdirən Səttar Bəhlulzadə bu tabloda mavi-zümrüdü yaxı ekspressiyasını əsərin ümumi tutumunun lirik-romantik ruha bələnməsinə yönəltməklə, kifayət qədər gözoxşayan bir lövhənin yaranmasını şərtləndirmişdir...
Səttar Bəhlulzadə sonrakı illərdə də bu mövzuya marağını azaltmamış və bir-birindən maraqlı əsərlər yaratmışdı. Onun bahar ətirli lövhələrində həm də bu mövzunun tükənməzliyini görmək mümkündür. Rəssamın “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Oyanış”, “Lalələr”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” lövhələri bunun təsdiqidir.
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri