Üzdə - başdan-başa yaz görüntülü, içdə - büsbütün qar-qış yaşantılı Səməd Vurğun...
   
   Hər günü, hər ay-ili saysız-hesabsız təzadlarla müşayiət olunmuş əlli illik ömür sahibi... 
   Beşcildlik “Seçilmiş əsərləri”nin, demək olar, hər sətir-bəndi - sağlığında siyasi “lupa”lara, yoxluğundan bəri ikili ictimai-məhəlli müzakirələrə məruz qalmış və hələ də qalan, bütün bunlara baxmayaraq, öz dil-üslub şəhdi-şəkərliliyi və hələlik heç kəsə nəsib olmamış “şair - xalq” körpüsalanlığı ilə Azərbaycan ədəbiyyatında əbədi qalası sənətkar...
   
   Bu fundamental-universal ədibin həyat və yaradıcılığı Azərbaycanın ən “statistik” oxucusuna da, müəyyən kəm-kəsir fraqmentallığı ilə - ən mütaliəsizinə də bəllidir. Bu bənzərsiz yaradıcı və xasiyyət-xarakter Adamına xəlqi sevgi və mübahisə-müqayisəli elit münasibəti də, elə yuxarıdakı təsnifat-təyinatla götürmək olar. Bu şairə xəlqi sevgi mətləbindəki əndazəyə baxın ki, dünənədək, Azərbaycanın hər el-oba nümayəndəsi bu şairi öz kənd-kəsəyində (dəfələrlə!) gördüyündən, onun (mütləq!) palçığa batmış “Pobeda”sını itələyib çıxarmasından, ona verilən hər isti təndir çörəyi və ya bir büküm yuxanı “döş cibindən” çıxardığı “palaz” 100-lüklərlə qarşılamasından danışır (yaxud yazır). Bəs yaxşı, bu qədər görüş-gaplar, o qədər seçilmiş-seçilməmiş əsərlər, silsilə ovçuluqlar (“Ovçu, insaf elə, keçmə bu düzdən” yazsa da), saysız daxili və xarici səfərlər, konfranslar vur-tut 30 (50 çıx 20) illik yaradıcı ömrə necə sığışıb?..
   Birmənalı mətləblərə keçibən deyək ki, bu şair bu xalqın akademikilə bahəm, çobanının da yaxşı anladığı dildə yazıb-yaradıb. “El bilir ki, sən mənimsən”, “Sıra dağlar, gen dərələr”, “Əyilməz vicdanın böyük heykəli” kimi xəlqi nəqliliklər, “Biz gəldi-gedərik, sən yaşa, dünya!”, “Deyilən söz yadigardır” kimi fəlsəfiliklər edib. Amma həm də, böyük Cavid əfəndimizə “Sən ey böyük günlərin adına böhtan atan, O ... arzuların torpaqlara gömüldü, Sənin yaratdıqların özündən əvvəl öldü”, M.Ə.Rəsulzadəyə: “Deyir, Türkiyəni çağıraq gərək, Bizə kömək olsun, qılınc çəkərək, - Afərin! - Rəhbərə bir bax! - Vətəni yadlara bunlar satacaq!” kimi yaralar vurmağa vadar edilib (bu misralardan xəbərdar olan o “qeyri-milli” hədəf isə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində S.Vurğunu “milli şair” adlandırıb, “Vaqif” dramını Azərbaycan ədəbiyyatının ən uğurlu əsərlərindən hesab edib)... 
   Yuxarıda bu şairin hamıya bəlli olduğunu vurğulasam da, bir-iki abzas söyləminə -
   
   Ehtiyac... 
   
   Uşaqlığı (14-15 yaşlarından təlim-tərbiyəsinə hakim kəsilmiş sovetlərin “proletar ideologiyasına” uyğun) - çox acınacaqlı keçmiş bu şair, əslində, hərtərəfli milli-mental bir nəslə mənsub olub. İlk təhsilini kənd məktəbində, sonrasını, böyük F.Köçərlinin Qori Müəllimlər Seminariyasının Qazaxa köçürdüyü Azərbaycan şöbəsində almış Vəkilov Səməd Yusif oğlu elə gəncliyindən hər şeylə maraqlanan, həssas, cürətli, hazırcavab, xüsusən, fitri istedad imiş. Seminariyadan məzunluğu ardınca Qazax, Quba, Gəncə məktəblərində dil-ədəbiyyat dərsi desə də, canına hakim kəsilmiş poeziyanı canlandırmaqçün paytaxta üz tutur və ildırım sürətilə məşhurlaşmağa başlayır. 1929-cu ildə daxil olduğu İkinci Moskva Universitetinin Ədəbiyyat fakültəsini bitirib qayıtdıqdan sonra daha da çiçəklənməyə başlayan yaradıcılıq eşqi, “poeziyamızın dilini safbasaf saflaşdıran” kimi ədəbi tənqid qeydlərilə dəyərləndirilən kitabları ilə məhsul verməyə başlayır. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri dillər əzbərinə çevrilir, Azərbaycan sovet dramaturgiyasına yeni töhfələr verir. 
   Azərbaycanın ilk Xalq şairi, iki dəfə Stalin mükafatı laureatı, adı respublikamızın paytaxtında, bütün şəhər, rayon mərkəzi və kəndlərində neçə-neçə məktəb, teatr, mədəniyyət evi, küçə, park, heykəl, büst kimi ünvanlanıb, onlarca böyük müəlliflərin yaradıcılığından nümunələri dilimizə çevirib, əsərləri əsasında neçə-neçə mahnı, tamaşa, balet, opera, kapella və filmlər yaradılıb, cənazəsi iki gün (Dövlət Filarmoniyasında) ziyarət edildikdən sonra, 1956-cı il mayın 30-da Fəxri xiyabanda dəfn olunub.
   Və haqqındakı saysız-hesabsız -
   
   Xatirələrdən;
   
   Aralarında 21 il yaş fərqi olsa da, Üzeyir bəylə “bərabərsinli” dostluq edirmiş. Bu yaxınlıq “qiyabi”likdən başlayıbmış; o hələ Qazax Müəllimlər Seminariyası təhsilində ikən Üzeyir bəyin əsərlərindəki obrazların səhnə ifası ilə də məşhurlaşıbmış. Sonralar - Bakıda yaradıcılıq ünsiyyətində olarkən dahi bəstəkardan ata qayğısı görən şair bu böyük ustada övlad münasibətində bulunub.
   Və bir vaxt şairin milliyətcə rus sürücüsündən eşitdiklərim: “Üzeyir bəyin hökumətin gözündən düşüb, maşını alındığı etapların birində, Səməd qağa mənə tapşırdı ki, hər səhər gizlincə Üzeyir bəyi aparıb iş yerinə qoyursan, sonra gəlib məni götürürsən...” 
   * * *
   Şairin qızı A.Vəkilovanın öz uşaqlıq illərini xatırladığı sətirlərdən: “Yusif, mən və Vaqif hələ kiçik idik. Bir gün Yesentukidə atam bizi Üzeyir bəyin görüşünə apardı. Tapşırdı ki, görüşərkən Üzeyir bəyin əlini öpərsiniz. İçəri keçən kimi, bir-bir yaxınlaşıb, dahi bəstəkarın əlini öpdük. Lap balacamız Vaqif ona yaxınlaşanda, ölməz Ustad onun başına sığal çəkdi. İndi, hərdən söz düşəndə Vaqifə deyirəm, Üzeyir bəy başına sığal çəkməklə sənə musiqi istedadı bəxş etdi. 
   Görüş zamanı bizi heyrətləndirən bir məqam hələ də yadımızdadır. Atam o vaxtlar artıq tanınmış bir şair idi, ancaq bütün söhbət boyu Üzeyir bəyin hüzurunda ayaq üstə dayandı (Üzeyir bəyin təkrar-təkrar təkidinə baxmayaraq), oturmadı...” 
   * * *
   Vəfatından (əslində, Stalinin ölümündən) sonra Azərbaycan “pıçı-pıçı”lığında gəzişən: “Belə bir istedad, xüsusən, siyasi rəhbərlərə xoş gəlməyən məşhurluq sahibi “37” tufanından necə salamat çıxdı” kimi sorğu-suallara şairin ev-muzeyində saxlanan bir stenoqramı və məşhur bir rus dostunun xatirələrindən bir parça ilə cavab verək: 
   “1935-ci il. Kreml. S.Vurğun İ.V.Stalinin hüzurunda “Rəhbərə salam” şeirini oxuyur. Ona bir neçə sual verən Stalin lap sonda deyir:
   - “Səməd” adındır, bəs “Vurğun”? Familiyan (soyadın)?
   - Xeyr, yoldaş Stalin, təxəllüsümdür.
   - “Vurğun” nə məna bildirir?
   - Vurulan, məftun olan.
   - Kimə, qızlara?
   - Xeyr, Vətənə!..”
   Məşhur rus sovet şairi Konstantin Simonov: “Öz misilsiz yaddaşını nümayiş etdirməkdən həzz alan bütün diktatorlar kimi, Stalin də - M.C.Bağırovu hər qəbulunda, sözarası, Səməd barədə də hal-əhval tuturmuş. Mən əminəm ki, Səmədi fəlakətdən qurtaran nüansların başında məhz bu dururdu”.
   * * *
   Yaxın keçmişdəki müsahibəsində İlyas İsmayılov (Azərbaycanın sabiq baş prokuroru) “müasir dövrdə S.Vurğuna ikili münasibət” sualını belə cavablandırıb: “Hələ gənc ikən qardaşına yazdığı bir məktubda, S.Vurğunun, sanki gələcək həyatını müəyyən edən bir fikri var: “Yaradıcılığım artıq tanınmaq üzrədir. Ancaq bu azdır. Mən əzilənlər tərəfdarı olduğumu əsrin bəbəyinə taxmalıyam”. Ancaq indilər onun ictimai-siyasi statusunu hər yana çəkirlər. Xüsusən də, M.Müşfiqlə bağlı. Əslində, S.Vurğun Bağırovdan xahiş eləmişdi ki, Müşfiqi əfv etsin, demişdi, o, çox istedadlı şairdir. Bağırov da deyir, buna bax, gör kimin bağışlanmağını istəyir. Baş prokuror işlədiyim vaxt arxivdən M.Müşfiqin cinayət işini tələb etdim. Vərəqləri qorxa-qorxa çevirirəm ki, birdən... Ancaq, əksinə; S.Vurğun Müşfiqin müdafiəsinə qalxıb, əməlli-başlı tərəfini tutub onun. Sonra mən hörmətli yazıçımız Anarı dəvət etdim, həmin işi göstərdim... S.Vurğun bizim milli sərvətimizdir”.
   * * *
   Saysız qələm dostları içərisində S.Vurğunu bəlkə də ən yaxından tanımış, əsərlərini sevə-sevə tərcümə edib, xarakterinə bənzərsiz bir vurğunluq bəsləmiş rus şairi Adelina Adalis: 
   “Mən Səmədlə 1930-cu illərin əvvəllərindən tanış idim. Elə o zaman hiss edilirdi ki, bu qaynar gənc gələcəyin böyük şairi olacaq. Dağ boyda ürəyi vardı! Çox səxavətli, dili qılınc kimi kəskin, ətrafına çox xoşqılıq... Bu keyfiyyətlər zaman-zaman poeziyasına da köçürdü. Səmədlə işləmək səadət idi. Doğrudur, çox mübahisə edirdik; o, inandırmağa çalışırdı ki, filan misraların “azərbaycancası daha güclüdür”, mənsə sübut etmək istəyirdim ki, yox, tərcümənin filan hissəsi orijinaldan qüvvətlidir!
   O, “Azərbaycan” şeirinin tərcüməsini çox bəyənirdi. “Muğan”ı tərcümə edərkən, ürəyimi iki duyğu qapladı; sevinc və qorxu. Bu poema müəllifin vəfatından 8 il əvvəl qələmə alınsa da, mənə elə gəlirdi ki, Səməd burada ömrünün qüruba yaxınlaşdığını hiss edir. Özü də yalnız ayrı-ayrı misralarda deyil, poemanın ümumi ruhunda:
   
   Kür qırağı... qarayazı... göy çəmən,
   Qoşa palıd... tüstülənən od-ocaq,
   Hansı şair sizi bir də yazacaq?..
   
   Bu misralarda Səməd ölümün yaxınlaşdığını duyur. Sevinc, kədər, həyat eşqi, vətən məhəbbəti və sair kimi hislərin bir-birinə qarışıb, gözəl bir simfoniya yaratdığı “Muğan” poeması həm də poetik bir gündəlikdir. Böyük şairlərin hamısı öz ölümlərini də qabaqcadan duyur... 
   Yaradıcılığının son nümunələrindən olan “Şair, nə tez qocaldın sən?”, “Düşüncələr”, ”Unudulmuş tək məzar”, “Gödəkcə” şeirlərində həyatı çox sevən, ondan dördəlli yapışan, bununla belə, ölümün labüd olduğunu bilən bir şair ürəyi çırpınır. “Mən tələsmirəm” şeirində labüd ölümə qarşı “özündənmüştəbeh”liyə baxın:
   
   Al günəş gözündən nur yağa-yağa.
   Ömür kitabını tamamlamağa 
   Çox da can atmasın əlimdə qələm -
   Heç yana, heç yerə mən tələsmirəm,
   Mən tələsmirəm...
   
   Səməd “ömür kitabı”nın tamamlandığını duyduğu üçün belə deyirdi. Bu böyük Lirik 1937-nin dramatik faciələrini görmüşdü. 1953-dən - Stalinsonudan etibarən bütün çılpaqlığı ilə meydana çıxmağa başlayan yaraları köz-köz olmuşdu. Ömür sonlarında Vurğun daha fikirli, daha pərişan görünürdü. Müşfiqi həyəcansız xatırlaya bilmir, adı çəkiləndə tutqunlaşır, papiros yandırır, yalqız düşünməyi üstün tuturdu. Moskvaya gələndə qadınlarla gəzməyi, içməyi xoşlasa da, zənnimcə, bu, tamamilə zahiri cəhd idi. Onun mənəviyyatı tamam başqa məsələlərlə məşğul idi. Belə bir həssas qəlb sahibi çoxmu ömür sürə bilərdi?!.”
   
   Tahir Abbaslı