Müsahibim Türkiyənin tanınmış diplomatı, vaxtilə Azərbaycanda da səfir işləmiş Hulusi Kılıçdır. Diplomatik xidmətdən təqaüdə çıxsa da, Türk dünyası ilə sıx əlaqələrini davam etdirir. Onunla budəfəki söhbətimiz Türk dünyasında diaspor fəaliyyətləri barədədir. 
   
   - 2008-2012-ci illərdə Türkiyənin Bakıdakı səfiri işləmişəm. 2012-2016-cı illər arasında Türkiyə Xarici İşlər Nazirliyində Afrika Baş idarəsinin müdiri oldum. Sonra Moldovaya səfir təyin olundum. Ötən ilin fevral ayında təqaüdə çıxdım. Bundan sonra Türk dünyası ilə daha yaxından məşğul olacağam. Bir neçə gün əvvəl mənə Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr koordinatoru vəzifəsi təklif edildi və qəbul etdim.
   
   - Türk dünyası sizin üçün nəyi ifadə edir?
   - Türk dünyası qardaş xalqların, dövlətlərin cəmi, bütünü deməkdir. Türk dünyasının gündən-günə güclənməsi hamımızın diləyidir. Fərəhlidir ki, bu istiqamətdə bir sıra qurumlar fəaliyyət göstərir. Onların qarşılıqlı şəkildə daha sıx əlaqədə olması vacibdir. Bununla yanaşı, dünyada güclü ümumtürk diasporunun təşəkkül tapması lazımdır, bu, hamımızın istəyidir. Məsələn, dünyada 20-dən çox ərəb dövləti var. Biz onların hamısına “ərəblər” deyirik. Bizləri də “türklər” deyə çağırırlar. Türk dünyası mənim ən böyük sevdamdır və ona hər hansı töhfə verə bilərəmsə, xoşbəxt olaram. 
   
   - Qeyd etdiyiniz kimi, son illər Türk dünyasını bir araya gətirmək məqsədilə müxtəlif təşkilatlar qurulub. Bu qurumların xaricdə yaşayan türksoyluların bir araya gətirilməsində, ortaq işbirliyində fəaliyyəti yetərlidirmi?
   - Ümumtürk diasporunu qurmaq üçün ortaq səylər lazımdır. Azərbaycan bu sahədə gözəl işlər həyata keçirir. Digər tərəfdən, ümumtürk diasporunu qurmağın yolu əvvəlcə Türkiyə-Azərbaycan, daha sonra digər Türk diasporlarının birləşməsidir. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın hər birinin müxtəlif sahələrdə geniş iqtisadi imkanları, böyük potensialı var. Türkiyəyə gəlincə, ölkəmiz önəmli coğrafi mövqeyə malik böyük bir gücdür. Yaxın işbirliyi qursaq, dünyada çox güclü olarıq. Bu baxımdan öncə xalqlarımızı daha da yaxınlaşdırmalı, bir-birinə daha yaxından tanıtmalıyıq. 
   
   - Sizcə, türk xalqlarının diaspor strategiyası necə qurulmalıdır?
   - Dünyada diaspora bəzən “soft power”, yəni “yumşaq güc” deyirlər. Bir tərəfdən əlaqələri inkişaf etdirmək üçün diasporun böyük rolu var, digər tərəfdən vətəndaşların bir arada yaşamalarını, birliklərini, ölkəyə bağlılıqlarını göstərən bir gücdür. Artıq müxtəlif ölkələrdə Qazaxıstan, Azərbaycan, Türkmənistan türkləri bir araya gəlir. Bunu daha da inkişaf etdirmək lazımdır. Təbii ki, dövlətlər də bunu dəstəkləməlidir. Türkiyə bu məsələyə son illərdə xüsusi önəm verir. 
   Səfirlik fəaliyyətim dönəmində Türkiyədən bələdiyyələri Qaqauz Yerinə apardım ki, binalar inşa edək. Qaqauz Yerində Gənclik mərkəzi, Qocalar evi, Mədəniyyət mərkəzi qurduq. Bütün bunları zövq alaraq edirdim. Həm də Qaqauz türkləri ilə qaynayıb-qarışdıq. Qaqauz Yerinin başçısı İrina Vlax hər kəsə deyirdi ki, Hulusi bəyin sayəsində türk dilini öyrəndim. Demək istəyirəm ki, Moldovada səfir olmağımın Qaqauz türkləri üçün faydası oldu. Onların milli kimlikləri daha da gücləndi. 
   Beş ilə yaxın Azərbaycanda səfir missiyası yerinə yetirdim. Prezident İlham Əliyev mənə “Dostluq” ordeni verdi. Bu ordeni alan ilk türk diplomatıyam. Moldovada səfir olanda özümü həm də Azərbaycanın səfiri kimi görürdüm. Biz iki səfir, yəni Azərbaycanın və Türkiyənin Moldovadakı səfirləri bərabər çalışdıq. Mənim şüarım budur: “Türkiyə üçün çalışmaq, Azərbaycan üçün çalışmaq, Azərbaycan üçün çalışmaq, Türkiyə üçün çalışmaq deməkdir”. Yəni bu mənim üçün eyni əhəmiyyət kəsb edir. Azərbaycanda mənimlə bərabər çalışan və hazırda Ankarada yaşayan insanlarla artıq neçə illərdir ki, mütəmadi olaraq bir araya gəlir və Azərbaycanın önəmli günlərini qeyd edirik. Bu, irəlidəki illərdə də davam edəcək. 
   
   Mehparə Sultanova
   Ankara