Xəbər verdiyimiz kimi, 13-15 mart tarixində keçirilən 25-ci Moskva Beynəlxalq Səyahət və Turizm sərgisində (MİTT-2018) Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də geniş nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan Konqreslər Bürosu da nazirliyin dəstəyi ilə sərgidə iştirak edib.
Tədbirdə büro nümayəndələri Azərbaycanın işgüzar turizm (MICE) - toplantı, konfrans və sərgilərin təşkili ilə bağlı imkanları və bu il mayın 1-dən 31-dək keçiriləcək növbəti Bakı Şopinq Festivalının təbliğatını aparıblar. Bu məqsədlə sərgidə iştirak edən şirkətlərlə 50-dən artıq işgüzar görüş keçirilib. Rusiyanın turizm və təşviqat agentlikləri Azərbaycanın turizm sahəsinə xüsusi maraq göstəriblər.
Moskva Beynəlxalq Səyahət və Turizm Sərgisi Rusiyanın ən böyük səyahət və turizm sərgisi olmaqla, dünyanın ilk beş turizm sənayesi hadisələrindən biri kimi dəyərləndirilir.
2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə ölkəmizə irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir. Büro bu məqsədlə dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.