Tarix-mədəniyyət qoruğunun tanıdılması layihəsi
   
   “Keşikçidağ” tarix-mədəniyyət qoruğunun Ağstafa rayonu ərazisində yerləşən şəhər və kənd orta məktəblərində “Əsrlərin yadigarı - Keşikçidağ” adlı tanıtım layihəsinə başlanılıb. Layihənin məqsədi “Keşikçidağ” qoruğunun ərazisində yerləşən tarixi, mədəni, memarlıq abidələrini gənc nəslə daha dərindən tanıtdırmaq və sevdirməkdir. 
   Layihəyə 3 saylı orta məktəbdə start verilib. Məktəbdə qurulmuş tanıtım pavilyonunda qoruq ərazisində elmi-arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri sərgilənib. Monitor vasitəsilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, tədbirlər və qoruğun abidələrindən ibarət slayd-şou yayımlanıb.
   Şagirdlərə “Qədim yurdun daş kitabəsi” adlı filmin diski, buklet, flayer və qələmlər hədiyyə edilib. Tanıtım layihəsi il ərzində rayon ərazisində yerləşən orta məktəblərdə davam etdiriləcək.