Forumun bir qrup iştirakçısı Milli Kitabxanada olub
VI Qlobal Bakı Forumu çərçivəsində martın 18-də Beynəlxalq kitab sammiti təşkil olunub. Milli inkişafda, mədəni irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində kitabın əhəmiyyəti, eləcə də kitabxanaların gələcəyi mövzusuna həsr olunan sammitin açılış sessiyası Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldinin moderatorluğu ilə keçib.
Sessiyada Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən, Xorvatiyanın sabiq rəhbəri İvo Yosipoviç elektron kitabların müasir insanların həyatındakı rolundan, Latviyanın sabiq prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin tarixindən danışıb. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent kitabxanaların rolundan söz açıb, kitabların insanlara daha humanist olmasında kömək etdiyini bildirib.
Sammit sonra panel müzakirələrlə davam edib.
“Kitab və mədəni irsimizin qorunması” mövzusunda panel sessiyasında internet arxivinin təsisçisi Briyuster Kahle rəqəmsal kitabxana materiallarının toplanması və qorunub saxlanılması üçün gördükləri işlərdən bəhs edib. Dünya Bankının keçmiş baş məsləhətçisi Nadere Çamlo dahi Azərbaycan şairi Nizami Gəncəvinin fikirlərinə əsaslanaraq deyib ki, bilik hər kəsə açıq olmalıdır.
Beynəlxalq kitab sammitinin məqsədi milli-mədəni kimliyin və sivilizasiyanın qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. Bakıdakı kitab sammiti sayca yeddinci idi.
* * *
Martın 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri Milli Kitabxanada olublar. Onlar öncə Qlobal forumun kitabxana işçiləri üçün panel iclasında təqdimatı keçirilən Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”nı görmək istədiklərini bildiriblər.
Xidmət işləri üzrə direktor müavini Ə.İsmayılova qonaqlara mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü əsasında həyata keçirilən layihədən, burada oxuculara göstərilən elektron və onlayn xidmətlərdən, kitab təqdimatları, şeir gecələri, uşaqlarla keçirilən tədbirlərdən danışıb.
Qonaqlar “Açıq kitabxana”nın çox kreativ, innovativ əsaslı və əhəmiyyətli bir layihə olduğunu vurğulayıblar.
Sonra heyət kitabxananın oxu zallarını, şöbələrini gəzib, kitab verilişi proseslərinin avtomatlaşdırılması və Milli Kitabxananın iş təcrübəsi ilə tanış olub.
Daha sonra qonaqlar direktor Kərim Tahirov ilə görüşdə kitabxana haqqında öz təəssüratlarını bölüşüblər. Qonaqlara Azərbaycanla bağlı kitablar, milli suvenirlərimiz hədiyyə edilib. Sonda xatirə şəkli çəkdirilib.