Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı Vaqif Mustafazadənin (1940-1979) doğum günü münasibətilə konsert keçirilib.
   Tədbirdə görkəmli musiqiçinin həyat və yaradıcılığı barədə, Azərbaycan musiqisində xidmətlərindən danışılıb. Qeyd edilib ki, o, Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb.
   Gecədə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim edilib. Azərbaycan və dünya bəstəkarlarının kompozisiyaları və Vaqif Mustafazadənin əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən məharətlə ifa olunub. Əməkdar artist Cavan Zeynallı da öz ifaları ilə gecəyə rəng qatıb.