“Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır”
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
* * *
Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edən Prezident qeyd etdi ki, Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır: “Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan dövləti müasir dövlətdir, ancaq, eyni zamanda, bizim dövlətimiz dərin milli-mənəvi dəyərlər, köklər üzərində qurulub. Elə etməliyik ki, gənc nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Onlar da bizim kimi Vətənə bağlı olsunlar, milli maraqlarımızı hər şeydən üstün tutsunlar”.
Prezident vurğuladı ki, Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir, beynəlxalq nüfuzu artır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Beynəlxalq əlaqələrimiz genişlənir, bizim təşəbbüslərimiz regional əməkdaşlığa təkan verir. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq: “Bir daha demək istəyirəm ki, regional əməkdaşlıq sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir. Biz bu regionda yaşayırıq, ona görə əlbəttə ki, regional dövlətlərlə bizim uğurlu əməkdaşlığımız davam edəcəkdir”.
Dövlət başçısı qeyd etdi ki, belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcəkdir. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir.
Prezident onu da diqqətə çatdırdı ki, bu il icra edilən Dövlət İnvestisiya Proqramı imkan verəcək ki, bölgələrdə bir çox məsələlər öz həllini tapsın. Keçən il 500 kəndin yolu salınmışdır, bu il ən azı 600-dən çox kəndin yolu salınacaqdır. Rayonlarımızın siması gözəlləşir, abadlaşır. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir: “Bakı doğrudan da, gözəlliyi, tarixi, insanların qonaqpərvərliyi baxımından turistlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevrilibdir. Ölkəmizə gələn turistlərin artan sayı bunun gözəl sübutudur. Gələn qonaqların sayı 2016-cı ildə 24 faiz, 2017-ci ildə 20 faiz, bu ilin iki ayında isə 12 faiz artmışdır. Hər bir gələn qonaq əlbəttə ki, Bakının gözəlliyini etiraf edir, bunu görür, sonra sosial şəbəkələrdə öz çəkdiyi kadrları paylaşır. Bakı bizim qürur mənbəyimizdir, bizim tarixi şəhərimizdir, qədimliyi ilə müasirliyi özündə birləşdirən nadir şəhərlərdən biridir. Bakının inkişafı, gözəlləşdirilməsi, müasir infrastrukturunun yaradılması üçün bundan sonra da əlavə tədbirlər görüləcəkdir.
Biz indi qədim Qız qalasının önündə bu bayramı qeyd edirik. Qız qalası Bakının qədim rəmzidir və bizim böyük tarixi abidəmizdir. Ancaq, eyni zamanda, bu gün Bakının müasir rəmzləri də vardır. Onların arasında Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl binalarından biridir. Alov Qüllələri həm Bakının rəmzini - alovu əks etdirir, eyni zamanda, göylərə ucalan binalar Azərbaycanın inkişafını göstərir və Bakıya əlavə gözəllik verir. Vaxtilə 3,5 kilometr olan bizim tarixi bulvarımızın uzunluğu indi 16 kilometrə çatıbdır və hər yer abadlaşıb, gözəlləşib. Hesab edirəm ki, bu, dünya miqyasında nadir istirahət və gəzinti zonasıdır. Yeni yollar, parklar, xiyabanlar salınır. Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız var. Şəhərimizin hər bir yerində abadlıq işləri getməlidir və əminəm ki, gedəcəkdir”.
Dövlət başçısı nitqinin sonunda bir daha Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək bildirdi ki, biz bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayırıq: “Əminəm ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaqdır”.
* * *
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Onlar Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar, “Novruz” yarmarkası ilə tanış oldular.