Bakıda tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pistolettonun sərgisi açılıb
Martın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Aida Mahmudova və italiyalı fırça ustası Mikelancelo Pistolettonun seçilmiş əsərlərindən ibarət sərgi açılıb.
“Təsəvvür edilməyən perspektivlər” və “Et bunu” adlı sərgi haqqında məlumat verən kurator Suad Qarayeva-Maleki belə bir işin ərsəyə gəlməsini yüksək qiymətləndirib.
Qeyd olunub ki, rəssam Aida Mahmudova yeni yaradıcılığında, “eksperiment üçün alət” qismində müxtəlif materialları araşdırır. Kağız, gil, sement, daş və ilk dəfə olaraq, məhz bu sərgi üçün mərmər kimi müxtəlif materialları qarışdırmaq, dağıtmaq, yenidən yaratmaq, müxtəlif laylar qurmaq və onları bir-birindən ayırmaq prosesi, rəssam üçün materialın “inkişafı”, habelə “emosional müalicə” baxımından müəyyən mənada məşğələ rolunu oynayır. Aida Mahmudova sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Dağılan sütunları xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı ümumi instalyasiya, yarımdağılı və yarımtikili, başqa sözlə, “keçid mərhələsində” olan məkan hissini oyadır və yaradıcılığın əhəmiyyətli mərhələsi kimi entropiyanın (xaotiklik dərəcəsi) vacibliyini vurğulayır.
Bildirilib ki, öz erkən peyzaj və yarımabstrakt əsərlərində Aida Mahmudova işıq, rəng və materiya ilə eksperimentlər aparmaqla, “özünü ifadə edən” materiallara qarşı müəyyən maraq oyatmağa müvəffəq olub. Rəssamın əsərlərində get-gedə daha çox qatlara rast gəlinir ki, bu da onun öz təcrübəsini üçölçülü sənət səviyyəsinə qədər genişləndirməsindən xəbər verir. Rəssam eyni yanaşmanı heykəltəraşlıq əsərlərinə də tətbiq etməklə həm emosional, həm də dolğun mühitlər yaradır.
Tədbirdə Mikelancelo Pistolettonun yaradıcılıq axtarışlarından da söz açılıb. Vurğulanıb ki, italiyalı rəssamın əsas əsərlərindən biri təbiət və cəmiyyətin birgə mövcud olduğu harmonik gələcəyə rəğmən, özünəməxsus ifadə üsulu olan “Terzo Paradiso” (“Üçüncü cənnət”, 2003) adlı simvoldur. “Üçüncü cənnət” rasional, balanslaşdırılmış, sosial məsuliyyətli dünyanın axtarılması istiqamətində “həyatın dünyaya qaytarılması məqsədilə, süni olan hər şeyin, o cümlədən elm və texnologiyaların incəsənət ilə bir araya gətirilməsi” kimi sosial məsuliyyəti bəyan edir.
M.Pistoletto fərdi sərgisi üçün yeni instalyasiyaların aparıcı qüvvəsi olaraq bu ideologiyanın tətbiqini davam etdirir. Bu instalyasiyalar rəssamın seçilmiş erkən əsərləri ilə müəyyən dialoq kimi təqdim edilir. "Sosial məsuliyyət" anlayışı, diqqəti Pistolettonun metodologiyasına yönəldən silsilə tədris proqramları, eləcə də rəssamın məktəblilər üçün təsis edilmiş "Cittadellarte" Fondu, məktəblilər və gənc rəssamlar üçün seminarlar, universitet tələbələri üçün isə silsilə mühazirələr vasitəsilə daha qabarıq şəkildə ifadə edilir. Bir il ərzində keçirilən bu tədris proqramı şagirdlərin sosial məsuliyyət və yaradıcılıq proseslərinə yanaşmasını inkişaf etdirmək və genişləndirmək məqsədilə azərbaycanlı müəllimlərin təlimləndirilməsi və hazırlığını nəzərdə tutur.
Rəssamın yaradıcılığında "Üçüncü cənnət" adlı simvolu hər yerdə görmək olar. Bu simvol üç birləşdirici halqanın təsvir edildiyi riyazi sonsuzluq işarəsinin modifikasiya olunmuş versiyasıdır.
İyunun 10-dək davam edəcək sərginin kuratoru Björn Geldhofdur.
Hər iki sərgiyə ictimai baxış aprelin 1-dən başlayır.