24-30 mart tarixində Azərbaycan Rəssamlar İttifaqının ənənəvi “Təsviri sənət həftəsi” keçirilir.
“Təsviri sənət həftəsi” çərçivəsində martın 24-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan sərgidə 50-dək müəllifin əsərləri nümayiş olunur.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, sərginin ekspozisiyasında nümayiş olunan əsərlər rəngkarlıq, qrafika, tətbiqi dekorativ sənət, batika, xalçaçılıq, heykəltəraşlıq və digər janrlardadır. Hər il ənənəvi olaraq təşkil olunan sərgiyə təqdim edilən 100-dək sənət əsərində incəsənətin bütün janrlarını görmək yüksək təəssürat yaradır.
Tədbirdə “Təsviri sənət həftəsi”nin proqramı barədə də məlumat verilib.
Qeyd edək ki, “Təsviri sənət həftəsi”nin proqramına İçərişəhərdəki Əzim Əzimzadə adına bağda “Uşaqların ən yaxşı rəsmi” adlı sərgi-müsabiqə (25 mart), Rəssamlar İttifaqının kolleksiyasında saxlanılan Azərbaycan rəssamlarının əsərlərinin güzəştli satışı (26 mart), Buzovna qəsəbə 4 saylı İncəsənət məktəbi şagirdlərinə Bəhruz Kəngərlinin yaradıcılığı haqda məruzə (məruzəçi - Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev) və məktəblilərin əl işlərindən ibarət sərgi (27 mart) və digər tədbirlər daxildir.
Martın 30-da Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Bahar” sərgisinin açılışı və “Təsviri sənət həftəsi”nin bağlanış mərasimi keçiriləcək.