Martın 22-də Tbilisidəki Ədəbiyyat Muzeyində Gürcüstanda yaşayıb-yaradan azərbaycanlı rəssamlar Rizvan İsmayıl, Əli Əliyev, Azər Musayev və Rasim Həsənovun əsərlərindən ibarət "Palitra-inteqrasiya" adlı sərgi açılıb.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin, Mədəniyyət və İdman Nazirliyinin, Marneuli və Qardabani rayon meriyalarının birgə təşəbbüsü və dəstəyi, Marneulidəki İnkişaf və təhsil mərkəzinin təşkilatçılığı ilə açılan sərgi Novruz bayramına həsr olunub.
Sərgidə azərbaycanlı rəssamların 49 əsəri nümayiş etdirilib.
Dövlət naziri Ketevan Tsixelaşvili tədbirdə çıxış edərək azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, rəssamların əsərlərinin sərgisinin təşkili mədəniyyətin inkişafı ilə yanaşı, azərbaycanlıların inteqrasiyasında da mühüm rol oynayır.
İnkişaf və tərəqqi mərkəzinin direktoru Emin Əhmədov və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışıb, bu cür tədbirlərin daha çox təşkil olunmasının vacibliyini qeyd ediblər.
Rəssamların əsərləri böyük maraqla qarşılanıb. Rizvan İsmayılovun "Qərblə Şərqin dialoqu" (Pikasso və Mircavadın yaradıcılığının tərənnümü), "Zərrəcikdən sonsuzluğa", "Tövbədən sonra", "Balıqların paradı", Azər Musayevin “Həyat”, “Müharibə” əsərləri xüsusi diqqət çəkib.