“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də öz ənənəsinə sadiq qalaraq Novruz şənlikləri təşkil edib.
Martın 20-də Qoşa Qala qapısında başlanan “Bahar qalası” adlı şənliklərdə paytaxt sakinləri, şəhərimizin qonaqları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.
Novruz şənliklərinə Kosa və Keçəlin qonaqları salamlaması ilə start verilib. Bayram şənliyində milli tətbiqi sənət məhsulları, suvenirlər, rəsm əsərləri, broşürlər, açıqcalar, yerli sənətkarların hazırladıqları əl işlərinin satış-sərgisi nümayiş olunub. Paytaxt sakinləri və qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və bayram şirniyyatlarından da dadıblar.
“Bahar qalası”nda Özbəkistan, Tacikistan, Qırğızıstan, Rusiya, Türkiyə, eyni zamanda ölkəmizin adət-ənənəsini əks etdirən bayram çadırları qurulub. Burada hər bir ölkənin milli adət və ənənəsinə məxsus kulinariya, geyim, suvenir və s. nümayiş olunub.
Sonra bayram maraqlı və rəngarəng konsert proqramı ilə davam edib.
Milli muğamlarımız, estrada musiqisi, rəqs qruplarının ifası paytaxt sakinləri və şəhərimizin qonaqlarına əsl bayram ab-havası bəxş edib. Novruz adətlərinin də yer aldığı konsertdə yerli ifaçılarla yanaşı, İran, Rusiya, Özbəkistan, Türkmənistan folklor qruplarının nümayəndələri öz təbriklərini çatdırıblar.
İçərişəhərdə Novruz şənlikləri martın 26-dək davam edib.