Aprelin 10-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) “Tibbi turizm üzrə Alman-Azərbaycan biznes-forumu” keçirəcək.
   AHK-nın saytında yer alan məlumata görə, biznes-forum Berlin şəhərində kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Berlin biznes və texnologiya tərəfdaşı" GmbH (MMC) ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.
   Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirmək və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.
   Səhiyyə sahəsində dünya üzrə rəqabətədavamlı texnologiya və innovasiyaları ilə aparıcı mövqeyə malik olan Almaniya bu baxımdan Azərbaycana əhəmiyyətli tərəfdaşlıq imkanları təklif edir.