Almaniyada yaşayan və bu ölkənin vətəndaşı olan bir qrup gənc soydaşımız Azərbaycanda səfərdədir. 25 nəfərdən ibarət qrup Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bir həftəliyə Bakıya gəlib.
Səfər iki təşkilatın birgə təşəbbüsü olan “Vətənim Azərbaycandır” layihəsi çərçivəsində gerçəkləşib. Layihənin əsas məqsədi Almaniyada böyümüş, orada ali təhsil almış və karyerasını qurmuş gənclərimizi öz tarixi Vətəni ilə, Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi və təbiəti ilə daha yaxından tanış etməkdir. Layihənin məqsədlərindən biri də Avropadakı gənc soydaşlarımızı - həkim, mühəndis, memar, dizayner, müəllim və digər ixtisaslara yiyələnərək Almaniyanın ictimai həyatında öz yerini tutmuş gənclərimizi Azərbaycan cəmiyyətinə tanıtmaqdır.
Gənclər ilk olaraq Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanla bağlı ilk təəssüratlarını jurnalistlərlə bölüşən gənc soydaşlarımız ölkəmizin sürətli inkişafını yüksək qiymətləndiriblər. Bildiriblər ki, xüsusilə paytaxt Bakının müasir siması, möhtəşəmliyi ilə seçilən yeni tikililəri, inkişaf, sabitlik onlarda xoş təəssürat yaradıb.
Səfər martın 31-dək davam edəcək. Bu müddət ərzində onlar Qobustanda, Atəşgahda, müxtəlif muzeylərdə olacaq, Bakının görməli yerlərini gəzəcək və yeni maraqlı tikililəri ilə tanış olacaq, bir neçə ali təhsil müəssisəsində görüşlər keçirəcəklər.